Lənkəran iqtisadi zonasında “Aqrivision” aqro və ekoturizmin inkişafına dəstək layihəsi çərçivəsində sahibkarlarla növbəti görüş keçirilib.
Arazmedia.az xəbər verir ki, Lənkəran şəhərində baş tutan tədbirdə aqrar turizm məkanlarının inkişaf strategiyası təqdim edilib. Görüşdə Lənkəran rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agetliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, ötən ildən icrasına başlanan layihə aqroturizmə maraq göstərən sahibkarların seçimi həyata keçirilib. Onlar üçün treninqlər, Türkiyənin İzmir şəhərinə tanışlıq səfəri təşkil edilib:
“Aqro və ekoturizmin inkişafı ilə bağlı cənub rayonlarının yaxşı potensialı var. Gözəl təbiəti mövcuddur. Eyni zamanda burada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf edir. Layihə çərçivəsində Lənkəran, Lerik, Masallı və Astara rayonlarında aqrar sahədə fəaliyyət göstərən sahibkarların təsərrüfatlarına baxış keçirilib. Onların ehtiyacları öyrənilib. Həmin ehtiyacların ödənilməsi istiqamətində müəyyən addımlar atılıb, eyni zamanda təlimlər, təcrübə mübadiləsi təşkil olunub”.
Sahibkarlara dəstək olduqlarını vurğulayan Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndəsi Afət Əsgərov son illərdə Lənkəranda yeni təsərrüfat sahələrinin yarandığını bildirib. Qeyd edib ki, bu il ərzində 78 hektar ərazidə yeni çay plantasiyaları salınıb: “Həmin məhsullar xarici ölkələrə ixrac olunur. Bunun nəticəsində xeyli vətəndaşımız işlə təmin olunub. Aqroturizmin inkişafına dəstək verilməsini yüksək qiymətləndiririk”.
Qeyd edək ki, “Aqrivision” layihəsinin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmaq və Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar-turizm/ekoturizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir. Avropa İttifaqının maliyyələşdirdiyi layihəni Avrasiya Əməkdaşlıq Fondu və Konstitutsiya Araşdırmalar Fondu birgə həyata keçirir. Layihədən, əsasən, Lənkəran iqtisadi rayonunda mövcud olan və aqrar sahələrlə turizm fəaliyyətini uğurla birləşdirmək üçün dəstək alan kiçik və orta təsərrüfatların faydalacağı gözlənilir.
“Aqrivision” layihəsinin regional koordinatoru Ramin Səfərzadə nəticədə ən azı 10 turizm məkanı üçün yüksək keyfiyyətli davamlı aqrar turizm/ekoturizm strategiyalarının inkişaf etdirilməsinə nail olacaqlarını deyib. Onun sözlərinə görə, layihədə həmçinin, yerli aqrar turizm və ekoturizm tərəfdaşlarının potensialının artırılması, bu sahədə yeni istiqamətlərin yaradılması, mövcud istiqamətlərin təkmilləşdirilməsi hədəflənib. Eləcə də mövcud aqrar və ekoturizm məlumatlarının həcmi və keyfiyyətinin yaxşılaşdırılması, bölgələrində bu tipli turizm məkanları haqqında məlumatın onlayn və mobil tətbiqetmə vasitəsilə əldə edilməsi gözlənilir.
R.Səfərzadə qeyd edib ki, layihənin yekununda seçilən aqrar təsərrüfatların sahibləri arasında biznes plan müsabiqəsi keçiriləcək. Öz təsərrüfatında turizm xidmətlərinin yaradılmasını istəyən sahibkarların uğurlu planları seçiləcək və maliyyələşdiriləcək.
Xatırladaq ki, layihənin növbəti mərhələlərində seçilən təsərrüfatlara mediatur və məktəbli turlarının təşkil edkilməsi də planlaşdırılır.
Zaur Sarıyev
Lənkəran