“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində 2021-ci il yanvarın 1-dən bu günə qədər 6647 cinayət faktı aşkarlanıb. Bu faktlar üzrə 4296 nəfər cinayət məsuliyyətinə cəlb olunaraq barələrində müxtəlif qətimkan tədbirləri seçilib”.
Bu barədə açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O, bildirib:
“Bu il ümumilikdə 2 ton 789 kiloqram narkotik vasitə, 231 kiloqramdan artıq psixotrop maddə, 52 ton 245 kiloqram kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılması təmin olunub. Əməli sübuta yetirilən heç bir şübhəli, saxlanılan, tutulan, təqsirləndirilən şəxs təhqiqat və istintaqdan kənarda qalmayıb, hər biri barəsində adekvat cəza tədbirləri icra olunmaqla hər bir cinayətə görə cəzanın labüdliyi təmin edilir.
Sosial şəbəkə seqmentlərində “filankəs tutuldu, bir neçə gün sonra sərbəst buraxıldı”, -deyə müxtəlif səpkili fikirlər yayılır. Bu iddialar, “azadlıqdayam” görüntüsü yaradan şəxslər tərəfindən, yaxud xaricdən idarə olunan “feyk neys”-da qəsdən tirajlanan informasiyalardır ki, cəmiyyətdə çaşqınlıq yaratmağa, polisin və digər hüquq-mühafizə orqanlarının, məhkəmələrin bu istiqamətdə apardığı genişmiqyaslı tədbirləri kölgələmək məqsədi daşıyır.
Narkotiklə əlaqəli istintaq olunan şəxslər barəsində prosessual məcburiyyət tədbirləri çərçivəsində həbs, polisin nəzarəti altına vermə, başqa yerə getməmək barədə iltizam, nəzarət altına vermə və digər qətimkan tədbirləri seçilməklə onların hərəkəti elektron qolbaqla 24 saat izlənilir.