“Dostlarım-tanışlarım tez-tez sual verirlər ki, niyə Azərbaycan üçün nəsə eləmək istəyirsən? Xaricdə yaşayırsan, uğurlu kariyeran, yaxşı həyatın var, başını sal işini gör. Azərbaycanı düzəltmək sənə qalıb? Bunların hamısı doğrudur, ancaq bu o demək deyil ki, millətimi, vətənimi unutmalıyam. Azərbaycan təhsili üçün nə edə biləcəyimi, Azərbaycan təhsilinə necə töhfə verəcəyim haqqında düşündüm. Düzdür, mən Azərbaycanda yaşamıram, ancaq mənim qohumlarım burada yaşayır və burada təhsil alır. Hər kəs gedib xaricdə yaşaya bilər. Bu o demək deyil ki, vətəni unutmaq lazımdır. Vətən, millət üçün hər kəs əlindən gələni etməlidir. Bu təkcə mənə yox, xaricdə yaşayan bütün azərbaycanlılara aiddir”.
Bu sözləri OSTİM Texniki Universitetinin “Hibrit və elektrikli taşıtlar” fakültəsinin müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Nəcəfov deyib.
Bəxtiyar Nəcəfov xaricdə yaşayan, amma Azərbaycanda tanınmayan professorlardan danışıb: “Xaricdə yaşayan o qədər professorlarımız var ki, tanınmır. Türkiyədə Yeditəpə Universitetində rəssamımız Prof.Dr. Teymur Rzayev var ki, dünyaca məşhur olmasına baxmayaraq, Azərbaycanda onu tanıyan yoxdur. Dövlət səviyyəsində tanınır, ancaq kütlə tanımır. Bu gün millətimiz hər hansı bir müğənnini tanıyır, bloqeri tanıyır, dünyaca məşhur rəssamını, heykəltəraşını tanımır. Qazi Universitetində Prof. Dr. Beycan İbrahimoğlu var. Sorğu keçirək, Azərbaycanda nə qədər adam bu dəyərli insanları tanıyır?
Müsahibimiz Azərbaycandakı təhsil sisteminin vəziyyətindən də bəhs edib: “Düşünürəm ki, yeni Təhsil nazirimiz Emin Əmrullayev təhsil üçün çox yeniliklər edəcək. Emin müəllim universitetimizin rektoru Murat Yülek və məni Bakıda qəbul edəndə onu tanımaq imkanım oldu. Təhsilimiz üçün etmək istədiklərini dinləyəndən sonra məndə təhsilimizin çox yaxşı yerlərə gələcəyinə ümüdüm artdı.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevlə tanış olma şansım da oldu. Bu insan çox müasir düşüncəyə sahibdir. Rektor Azərbaycan Texniki Universitetini dünyanın qabaqcıl universitetləri siyahısına salmaq istəyir. Amma bu o qədər də asan deyil. Əksər müəllimlər sovet təhsili alıb və bu təhsili sistemini əsas götürür. Vilayət müəllim çox mütavazi bir insandır. Onunla tanış olduqdan sonra başa düşdüm ki, bu ölkədə təhsil sistemini dəyişdirmək istəyən insanlar var. Emin Əmrullayevin də dərdi təhsil sistemimizin yaxşılaşdırılmasıdır. Təbii ki, bu asan deyil. Bir şeyi sıfırdan yaratmaq daha asandır, nəinki, artıq olan bir şeyi dəyişdirmək . Çox universitetlərimizin idarəçiləri yaşlı insanlardır. Hansı universitetə getsəniz, prorektorlar yaşlılardır ve ya digər vəzifədə olanlar yaşlı indanlardır. Düzdür, yaşlı insanların təcrübəsinə ehtiyac var, ancaq gənclərin yeniliyinə, sistemin dəyişməsinə ehtiyac var. Bizim universitetlərdəki təhsil sistemi heç biri dünya statdartlarına uyğun deyil. Məsələn, Türkiyə Avropa və Amerika təhsil sistemindən yararlanır, Rusiya öz sistemini yaradıb. Azərbaycan isə Rusiya və Avropa təhsil sisteminin qarışığından yararlanır.
Biz ikili diplom lahiyəsini İngiltərə ilə edirik. Heç bir problem yoxdur. Azərbaycanla eyni lahiyəni etmək istəyirik, problem yaşayırıq. Çünki bizim universitetlərin proqramı ilə Türkiyə universitetlərinin proqramları arasında uçurum var. Ən bəsit problemi deyim sizə. Türkiyədə 5 illik təhsil var, bizdə bu yoxdur. Məsələn, tələbə bir illik hazırlıq oxuya bilməz. Xarici tələbələr üçün var, ancaq bizim tələbələr üçün yoxdur. Avropada 3 illik təhsil sistemi var, bizdə bu cür sistem yoxdur ki, uyğunlaşdırıb ikili diplom edək. Bu cür problemləri aradan qaldırmaq lazımdır. Əgər öz universitetlərimiz yetərli deyilsə, vətəndaşlarımızın xaricdə təhsil almasına müsbət qarşılamalıyıq. Təbii ki, oxuduqdan sonra geri qayıtmaq şərti ilə çünki, ölkəmizin ali təhsilli gənclərə ehtiyacı var. Burda yanlış anlaşılmasın, ali təhsilli gəncə ehtiyac var, ali təhsil diplomuna sahib olan gəncə deyil. Diplom sadəcə kağız parçasıdır. Diploma sahib olmaq ali təhsilli olmaq anlamına gəlmir.
İnsanlarımzda səhv düşüncə var ki, uşağın attestatında qiymətləri aşağıdırsa, Türkiyədə oxuya bilməyəcək. Düzdür, uşaqlar var ki, oxumaq üçün potensialı yoxdur. Ancaq bəzi uşaqlar da var ki, onların çox yaxşı zehni var, sadəcə müəyyən səbəblərdən oxumadıqları üçün qiymətləri ürəkaçan deyil. Bu uşaq yaxşı yönləndirilsə, yaxşı mühitə düşsə, yaxşı kadr olmağı üçün çox böyük potensialı var. Tələbə tanıyıram ki, Azərbaycanda oxuya bilməyib, gedib Türkiyədə bakalavr oxuyub, daha sonra Amerikada magistr təhsili alıb. Düşünürəm ki, bizim millətimiz çox ağıllı millətdir. Sadəcə millətə şərait yaratmaq lazımdır. Hər bir şəxs vəzifəyə gələndə vəzifə hüququnu bilməlidir, vəzifə insanlara öz eqolarını tatmin etmək üçün verilmir. Vəzifə vətəndaşlara xidmət etmək üçün verilir. Vəzifənin böyüməsi isə daha çox vətəndaşa xidmət etmək üçündür. Vəzifə xidmətdir, bu qədər bəsitdir”.
– Azərbaycanlı tələbələrin OSTİM Texniki Universitetinə marağı necədir?
– Çox yaxşıdır. OSTİM Texniki Universiteti yeni yaranıb, 3 illik bir universitetdir. 2 ildir Azərbaycandan tələbə qəbul edirik, tanıtım çox önəmlidir. Keçən il daha az insanın bu universitetdən xəbəri olduğu üçün az tələbə müraciət etmişdi. Bu il müraciətlər daha çoxdur və növbəti il daha da çox olacağını düşünürəm. OSTİM 60 illik bir keçmişi olan böyük bir sənaye mərkəzidir.
– OSTİM Texniki Universitetini digər universitetlərdən nə fərqləndirir?
– Türkiyədə 220-yə yaxın və çox güclü universitet var. Baxıblar ki, bu universitetlərdə təhsili alan və yüksək nəticə göstərən tələbə gəlir. OSTİM sənayesində işləməyə, ancaq onun oxuduğu ilə burdakı işlər oxşar deyil. Sənaye də düşünür ki, öz universitetini qursun və öz mütəxəsislərini özü yetişdirsin.
Bilirsiz bu nəyə bənzəyir? Bütün yol qaydalarını əzbər bilirsən, ancaq heç vaxt maşın sürməmisən. Bu zaman özünə yaxşı sürücüyəm deyə bilməzsən.
Dünyada ilk və tək sənayedir ki, öz universitetini yaradıb. Sistem elə qurulub ki, tələbə oxuduğunu yerində görür, toxunur. Bizim universitet sənaye ərasizinin mərkəzində qurulub. Bu ərazidə 6200 şirkət və 60 000 işçi var. Düşünün ki, tələbə universiteti bitirdikdə artıq həyata hazır olacaq. Sizə, bütün dünya üçün istehsal edilən elektrikli avtobuslardan, tramvaylardan tutmuş heykəlin belə istehsal olunduğu böyük bir sənaye mərkəzindən bəhs edirəm. Və bu sənaye artıq öz universitetini yaradıb.
– Universitetin təhsil sistemi necədir?
– Bu universitetdə dərslər həftənin 4 günü universitetdə, 1 günü isə təcrübə üçün sənayedə keçirilir. Bu zaman tələbəyə oxuduğunu həm də praktikada görmək şansı yaranır.
– Universitet tələbələrə təcrübə ilə yanaşı iş imkanı yaradırmı?
– Əgər tələbə staj müddətini yaxşı tamamlasa, universitet tələbəyə iş imkanı yaradır. Ancaq belə bir məsələ var, tələbənin özündən də çox şey asılıdır. Məsələn, mən öz ofisimə 5 tələbəni təcrübəçi kimi işə götürmüşdüm. Onlardan bəziləri çox həvəssiz idi. Staj müddəti bittikdən sonra onlardan 3-ü getdi, 2-i isə hələ də bizimlə işləyir.
Türkiyədə oxumaq şansı olmayan tələbələr üçün Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və bir çox universitetlə əməkdaşlıq edirik. İstəyirik ki, Azərbaycan universitetləri üçüncü nəsil universitetlər sırasına qoşulsun.
Biz artıq İngiltərədə və Almaniyada universitet qurmağı düşünürük. Bizim tələbələr həm Almaniya, həm də İngiltərə diplomu əldə etsin deyə.
Azərbaycanda və Türkiyə arasında, OSTİM-lə ünsiyyət çox yaxşıdır. Gələcəkdə Azərbaycanda da bu sahədə universiteti qurula bilər. Dövlət də idarəciliərimiz də bu işdə maraqlı olsa, təbii ki, növbəti illərdə Azərbaycanda da bu cür universitetlər qurmaq olar.