Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 6-da saat 16 radələrində Gürcüstan-Türkiyə dövlət sərhədinə çatıb.
Arazmedia.az xəbər verir ki, Sarp sərhəd-keçid məntəqəsinin əməkdaşları yanğın-xilasetmə qrupunun üzvlərini böyük coşğu ilə qarşılaşıblar.
Avqustun 5-də səhər saatlarında Bakıdan yola düşən yanğın-xilasetmə qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər. Ötən gün səhər FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi də Bakıdan Türkiyəyə yola düşüb.