Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib.
Arazmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda Təhsil Tələbə Krediti Fondunun (bundan sonra – Fond) vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi prosedurunu, təhsil tələbə krediti üzrə hüquqların əldə olunmasını və kreditin qaytarılmasını, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələləri tənzimləyir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. təhsil tələbə krediti (bundan sonra – TTK) – Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil haqqı xərclərini ödəmək üçün Fondun vəsaiti hesabına müvəkkil bank tərəfindən tələbə ilə bağlanılmış müqaviləyə uyğun olaraq müəyyən müddətə və faizlər ödənilmək şərtilə borc verilən pul vəsaitidir;
2.1.2. tələbə – ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan şəxs;
2.1.3. müvəkkil bank – TTK üzrə tələb olunan hüquqların əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fondla müqavilə bağlamış bank;
2.1.4. baş saziş – TTK üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən Fondla müvəkkil bank arasında bağlanılan razılaşma;
2.1.5. borcalan – müvəkkil bankdan TTK almış Azərbaycan Respublikasının vətəndaşı olan tələbə;
2.1.6. kredit müqaviləsi – müvəkkil bank və borcalan arasında imzalanan borc müqaviləsi;
2.1.7. güzəşt dövrü – təhsilin normativ müddətindən dərhal sonra yaranan və borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi hesablanmayan 2 (iki) illik dövr;
2.1.8. möhlət dövrü – kreditin qaytarılması müddətində borcalandan borcun qaytarılması tələb olunmayan və kredit faizi hesablanmayan dövr;
2.1.9. defolt – borcalan tərəfindən kredit müqaviləsində borc öhdəlikləri üzrə ödənişlərin (əsas məbləğ və ona hesablanan faizlər və ya hər hansı biri) müqavilədə və ya ödəniş cədvəlində göstərilən tarixdən 90 təqvim günündən artıq gecikdirilmə və ya bu öhdəliyin yerinə yetirilməsindən imtina edilməsi halı;
2.1.10. faydalanan şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;
2.1.11. sığorta haqqı – bu Qaydanın 8-ci hissəsində nəzərdə tutulmuş risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsi ilə müəyyən edilən qaydada sığortaçıya ödənilməli olan pul məbləği;
2.1.12. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin ödənilməsi üçün əsas olan və müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
2.1.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə təzminatı (kompensasiya);
2.1.14.ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) – tələbənin fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti.
3. TTK-nin növləri və kreditdən istifadə hüququ
3.1. TTK-nin iki növü vardır:
3.1.1. sosial;
3.1.2. standart.
3.2. Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
3.2.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
3.2.2. 3-cü dərəcə əlilliyi olanlar;
3.2.3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
1. 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
2. işsiz kimi qeydiyyatda olanlar;
3. yaşa görə əmək pensiyası alanlar;
4. yaşa görə sosial müavinət alanlar.
3.3. Tədris semestri (yarımili) müddətində TTK-nin verilməsi barədə müraciət edildiyi gün tələbə bu Qaydanın 3.2-ci bəndində göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr (yarımil) üçün sosial TTK almaq hüququna malikdir.
3.4. Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart TTK almaq hüququna malikdirlər:
3.4.1. birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
3.4.2. illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
3.5. Standart TTK almaq hüququ müraciət tarixinə bu Qaydanın 3.4-cü bəndində göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin olunur.
3.6. TTK ilk növbədə sosial TTK hüququ olanlara verilir.
3.7. TTK bu Qaydanın 2.1.2-ci yarımbəndində göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.
3.8. TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.
3.9. Fondun Himayəçilik Şurası:
3.9.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, standart və sosial TTK üzrə illik faiz dərəcələrini, habelə hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddini təsdiq edir;
3.9.2. birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir.
3.10. Təhsil haqqı TTK-nin maksimal məbləğindən çox olduqda, yaranan fərq tələbə tərəfindən təhsil müəssisəsinə ödənilir.
3.11. TTK-nin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir. Kreditin qaytarılması müddəti bu Qaydanın 7.6-cı bəndi ilə müəyyən edilmiş möhlət müddəti qədər uzadılır.
4. TTK-nin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər
4.1. Fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır:
4.1.1. TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi;
4.1.2. TTK-nin təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün verilməsi;
4.1.3. TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması;
4.1.4. TTK üçün girov və zaminliyin tələb olunmaması;
4.1.5. TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması;
4.1.6. təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi;
4.1.7. borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanması;
4.1.8. TTK-nin Azərbaycan Respublikasının vətəndaşlarına manatla verilməsi.
4.2. Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:
4.2.1. ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
4.2.2. təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.
4.3. Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir:
4.3.1. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır;
4.3.2. təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.
5. TTK-nin verilməsi üçün müraciət edilməsi və sənədləşmə
5.1. TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir.
5.2. TTK almaq istəyən tələbə, onun valideynləri, övladlığa götürənləri və ya himayəçisi notariat qaydasında təsdiq edilmiş ərizə ilə aşağıdakı razılıqları verməlidirlər:
5.2.1. valideynlər, övladlığa götürənlər və ya himayəçi – 18 yaşınadək olan yetkinlik yaşına çatmayan tələbənin kredit müqaviləsi bağlamasına (tələbənin 18 və daha çox yaşı varsa bu tələb olunmur);
5.2.2. tələbə – ona aid gəlirlərin, xərclərin, əmlakların və digər zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə) edilməsinə.
5.3. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq notariat qaydasında təsdiq olunmuş ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu əsasında elektron sistemə göndərilir. Bu razılıq başqa məqsədlərə və ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.
5.4. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq razılığı rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
5.5. TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən edilir.
5.6. TTK almaq hüququ olmayan tələbəyə “Şəxsi kabinet” vasitəsilə bu barədə göndərilən məlumatda imtinanın səbəbləri əsaslandırılır.
5.7. TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var.
5.8. TTK almaq hüququ olan tələbəyə müvafiq müvəkkil banka müraciət olunması barədə bildiriş göndərilir.
5.9. TTK Fondun vəsaiti hesabına bu Qayda ilə müəyyən edilmiş tələbələrə müvəkkil bank tərəfindən verilir.
5.10. Fondla baş saziş imzalamış və elektron sistemə çıxış imkanları olan müvəkkil bank TTK almaq hüququ olan şəxslər barədə məlumatı bu sistem vasitəsilə elektron qaydada əldə edir.
5.11. TTK-nin alınması üçün borcalan müvəkkil banka aşağıdakı sənədləri təqdim etməlidir:
5.11.1. əvvəlki tədris semestri üçün ÜOMG-yə (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə üzrə göstəriciyə) dair təhsil müəssisəsinin arayışı;
5.11.2. təhsil haqqının məbləği barədə təhsil müəssisəsinin arayışı;
5.11.3. standart TTK üçün illik təhsil haqqının ən azı 20 faizi məbləğində ödənişin edilməsi barədə təsdiqedici sənəd.
5.12. Bu Qaydanın 5.11-ci bəndində göstərilən sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.
5.13. Sənədlər kağız daşıyıcıda təqdim edildiyi təqdirdə, müvəkkil bankın məsul işçisi təqdim olunmuş sənədləri elə həmin gün elektron sistemə daxil edərək gücləndirilmiş elektron imza ilə təsdiqləyir.
5.14. Müvəkkil bank elektron sistem vasitəsilə və ya kağız daşıyıcıda əldə etdiyi sənədləri nəzərdən keçirərək, 3 (üç) iş günü müddətində TTK almaq istəyən şəxs barədə TTK-nin verilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün TTK almaq istəyən şəxsə bildirilməklə, tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir.
5.15. Müvəkkil bank tərəfindən TTK-nin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 6 (altı) iş günü müddətində kredit müqaviləsi bağlanılır.
5.16. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilir və elektron sistemə ötürülür:
5.16.1. kreditin təyinatı (təhsil haqqı);
5.16.2. kreditin şərtləri (kreditin məbləği, müddəti, faktiki illik faiz dərəcəsi, komisyon haqları (əgər nəzərdə tutulursa), müvəkkil bank tərəfindən tələb olunan digər ödənişlər);
5.16.3. kreditin gecikdirilmə şərtləri;
5.16.4. ödəniş cədvəli;
5.16.5. tərəflərin hüquq və vəzifələri;
5.16.6. vaxtından əvvəl ödənişlərin müvəkkil bank tərəfindən tələb edilməsi şərtləri;
5.16.7. kredit müddəti ərzində müqaviləyə əlavə və dəyişikliklərin edilməsi qaydası;
5.16.8. tərəflərin məsuliyyəti;
5.16.9. mübahisələrin həlli qaydası.
5.17. Müvəkkil bankla tələbə arasında çərçivə kredit müqaviləsi təhsilin normativ müddətində bir dəfə bağlanılır və kreditin məbləği təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün tələbənin müraciəti əsasında tranşlarla (hissələrlə) kredit almaq hüququ yarandığı halda müvəkkil bank tərəfindən təhsil müəssisəsinin müvafiq bank hesabına köçürülür.
6. TTK üzrə müvəkkil bankla münasibətlər
6.1. TTK üzrə bank əməliyyatları seçilmiş müvəkkil bank tərəfindən həyata keçirilir.
6.2. Müvəkkil bankın seçilməsi meyarları aşağıdakılardır:
6.2.1. kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına dair lisenziyanın olması;
6.2.2. 1 (bir) ildən yuxarı davamlı bank fəaliyyətinin mövcudluğu;
6.2.3. prudensial normativlərə və tələblərə əməl edilməsi;
6.2.4. regionlarda filial şəbəkəsinin olması;
6.2.5. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olması.
6.3. TTK-nin maliyyələşdirilməsi, bu sahədə xidmət və TTK-nin geri qaytarılması dövründə həmin vəsaitlərin müvəkkil bank tərəfindən Fonda köçürülməsi Fond və müvəkkil bank arasında bağlanılan baş saziş əsasında həyata keçirilir.
6.4. Müvəkkil bank TTK-nin maliyyələşdirilməsi üçün tələb olunan vəsait barədə baş sazişdə nəzərdə tutulmuş müddətdə Fonda müraciət edir və tələb olunan sənədləri Fonda təqdim edir.
6.5. Fond müvəkkil bankın müraciətini və təqdim olunan sənədləri yoxladıqdan sonra 3 (üç) iş günü ərzində tələb olunan vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin edir.
6.6. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edir.
6.7. Müvəkkil bankla Fond arasında qarşılıqlı öhdəliklər Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə əhatə olunur. Borcalanların müvəkkil bank qarşısında öhdəliklərini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil bank və Fond baş sazişlə müəyyən edilmiş öhdəliklərini bu Qaydanın 7.15-ci bəndi nəzərə alınmaqla yerinə yetirməlidirlər.
6.8. Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən edilir.
6.9. Müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir.
7. TTK-nin qaytarılması
7.1. Borcalan TTK-ni bu Qaydanın 4.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada əvvəlcədən təsdiq edilmiş ödəniş cədvəli üzrə qaytarır.
7.2. Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır.
7.3. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır.
7.4. Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.
7.5. Bu Qaydanın 7.3-cü və 7.4-cü bəndlərində mövcud olan hallarda ödəniş cədvəli həmin halların yarandığı gündən başlayaraq yenidən tərtib edilir.
7.6. TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:
7.6.1. yuxarı təhsil səviyyəsində əyani təhsil;
7.6.2. həqiqi hərbi xidmət;
7.6.3. məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
7.6.4. işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
7.6.5. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.
7.7. Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir.
7.8. TTK-yə görə möhlət bu Qaydanın 7.6-cı bəndində göstərilən halları təsdiq edən sənədlər müvəkkil banka təqdim edildikdə verilir. Bu sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.
7.9. TTK vaxtından əvvəl qaytarıla bilər.
7.10. TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.
7.11. Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu Qaydanın 7.12-ci və 7.14-cü bəndləri ilə müəyyən edilmiş qaydada tutulur. Digər hallarda ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.
7.12. Əmək müqaviləsi ilə işləyən borcalanın əməkhaqqından TTK-nin tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Belə olan halda bu Qaydanın 5.2.2-ci yarımbəndinə uyğun olaraq kredit müqaviləsi bağlanan zaman tələbə tərəfindən təqdim edilən TTK üzrə ödənişlərin əməkhaqqından tutulması barədə notariat qaydada təsdiq olunmuş razılığı əsas götürülür.
7.13. Borcalanın əmək fəaliyyəti ilə məşğul olması halı sistemə inteqrasiya olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müəyyən edilir. Müvəkkil bank bu sistemə çıxış əldə edərək, əməkhaqqından kredit üzrə ödənişlərin tutulması barədə borcalanın notariat qaydasında təsdiq olunmuş razılığını işəgötürənə göndərərək ödənişləri tələb edir.
7.14. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalandan TTK üzrə ödənişlər onların bank hesablarından TTK götürmüş borcalanın bu Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən notariat qaydasında təsdiq olunmuş razılığı təqdim olunmaqla tutulur. Müvəkkil bank sistemə inteqrasiya olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə borcalanın sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, eləcə də bank hesabları barədə məlumatları əldə edir.
7.15. Borcalan TTK üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə bu Qaydanın 6.8-ci bəndində göstərilən hallar istisna olmaqla TTK üzrə defolt halı baş verdikdə, müvəkkil bankın Fond qarşısında hər hansı maliyyə öhdəliyi yaranmır.
8. TTK üzrə borcalanın sığortalanması
8.1. TTK üzrə borcalan aşağıdakı hallardan sığortalanır:
8.1.1. ölüm;
8.1.2. əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik).
8.2. TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir. Sığorta müddəti kredit müqaviləsinin müddətinə bərabər olmalıdır.
8.3. Sığorta müqaviləsinin tərəfləri TTK-ni alan tələbə və sığortaçıdır. Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.
8.4. TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.
8.5. Sığorta müqaviləsinin bağlanılması anında sığorta məbləği kredit məbləğinə bərabər müəyyən edilir.
8.6. Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri (vasitəçilərə verilən komisyon muzdlar da daxil olmaqla) müqavilə üzrə hesablanmış sığorta haqqının 15 faizindən çox ola bilməz.