Şəki rayonundakı 1-ci Cümə məscidi kimi tanınan Şəki Xan məscidinin ərazisində 6 nöqtədə arxeoloji qazıntı işləri davam etməkdədir. Tədqiqat işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Arazmedia.az xəbər verir ki, Arxeoloji Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun söylədiyinə əsasən, hazırkı il iyunun 21-dən bu ərazidə başlanan arxeoloji tədqiqatlar nəticəsində maraqlı tapıntılar aşkarlanıb.
Alimin fikrincə, ərazidəki 1 saylı qazıntı sahəsi xüsusi maraq kəsb edir. Qazıntılar nəticəsində məscidin mərkəzi mehrabın altında, sağ tərəfdə daş struktur müəyyən edilmişdir. Arxeoloqların ehtimalına əsasən, bu tapıntı Şəki xanı Məhəmmədhüseyn xan Müştaqın qəbri ola bilər. Ərazidə aşkarlanan insan sümüklərinin qalıqlarının genetik təhlili ediləndən sonra bununla əlaqədar dəqiq fikir söyləniləcəkdir.
Tarixi məlumatlara əsasən, Şəki rayonundakı Xan qəbiristanlığında vaxtilə 20-dək baş daşı olub. Günümüzə qədər isə onlardan yalnız 10 yazılı baş daşı və 1 epiqrafik abidə gəlib çatıb.
Xan məscidi 1768-1770-ci ildə Şəki xanı Məhəmmədhüseyn xanın əmri ilə inşa edilib. Əslən Şəkidən olan, ədəbiyyatşünas alim Salman Mumtazın arxiv sənədlərindəki məlumatlara əsasən, Məhəmmədhüseyn xan Cümə məscidin mehrabı içərisində dəfn edilib.
1850-ci ildə Şəkidə baş verən güclü yanğın nəticəsində Şəki bazarı, Cümə məscidi və ətrafındakı evlər yanğına məruz qalıb. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov məscidi bərpa edib.
19 iyul 2021-ci ildə BEA-nın (Avstriya) akademiki, AAA-nın (Çexiya) üzvü, tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov qeyd edilən qazıntı sahəsinə getmişdir. Arxeoloqlara dəyərli məsləhətlərini verən alim deyir ki, “Məscidin ərazisində aparılan planlı, məqsədəmüvafiq və ardıcıl arxeoloji qazıntılar nəticəsində nəinki son orta əsrlərə aid, ondan da qədim dövrlərə qatlar üzə çıxarılmışdır. Xüsusən burada tapılan antik dövrə aid maddi mədəniyyət faktları elmi-arxeoloji yeniliyi ilə diqqəti cəlb edir və milli arxeologiyamızı fərqli qənaətlərlə zənginləşdirəcəkdir”.
Arxeoloji ekspedisiya üzvləri və alim-arxeoloqlar maraqlı təcrübə və fikir mübadiləsi ediblər.
Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə məsciddə həm də bərpa və rekonstruksiya işləri də edilir.
Aygün Məmmədova