
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənc rejissor Fuad Cavadzadə Ağdam Dövlət Dram Teatrında Ustad dərslərinə başladı və bir aylıq davam edən ustad dərsləri zaman “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda təlimlər keçirildi.
Ustad dərslərinin praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” pyesi əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim olundu.Tamaşanın əsas süjet xəttini Fransalı alim Müsyö Jordanın Qarabağa gəlməsi, Qarabağın adət-ənənələri, məşhur Qarabağ xalçaları, atları, muğamı, yeməkləri, bitkiləri ilə yaxından və əyani tanış olmaq istəməsi, gördülərini bütün dünyaya çatıra bilməsi məqsədilə Şahbaz bəyi özü ilə Fransaya apartmaq istəyi təşkil edir.
Bir hissədən ibarət olan tamaşa vasitəsilə tamaşaçılara Qarabağ adət-ənənələrinin təbliğ və tərənnümü ilə yanaşı maarifçilik, cəhalətin tənqidi və elmin təbliği təqdim olunur.Tamaşa rejissor tərəfindən müəllifin ideya və süjet xəttinə toxunmayaraq milli klassikamızın müasir dövrə milli adaptasiyasıdır.Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.Tamaşada aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva , Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əsgərov, Turan Nərimanov, Yusif Ziyadlı iştirak ediblər.
