Avropanın bir tərəfində Fransa, Cənubi Qafqazda isə Ermənistan Azərbaycana qarşı təhqirlər yağdırırlar. Hər iki tərəf sanki eyni mövzuda bir duet kimi çıxış edirlər. Bəzən isə Yelisey sarayı solo çıxış edərək, ermənilərin sadiq müdafiəçisi rolunda özünü göstərir.
Oktyabrın 22-də Avropa Parlamentində “Azərbaycandakı vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” mövzusunda müzakirələr keçiriləcək. Bu məsələ artıq səsvermədən əvvəl gündəliyə daxil edilib. Hətta bununla bağlı bir “qətnamə”nin də qəbul olunacağı gözlənilir. Avropa İttifaqı demokratik dəyərləri müdafiə etdiyini iddia etsə də, öz parlamentində birtərəfli qərarları heç kimdən icazə almadan qəbul edir.
Bu cür kampaniyalar, əsasən, Fransanın təşəbbüsü ilə həyata keçirilir. Yelisey sarayı Azərbaycana təzyiq göstərmək üçün əsas tapa bilməyəndə, Ermənistanla bağlı əsassız iddialar uydurur. Fransa, həmişəki kimi, Azərbaycana qarşı təzyiqlərini müxtəlif platformalarda davam etdirir.
Fransanın öz daxili siyasətində vətəndaşlarına qarşı sərt yanaşmasına baxmayaraq, beynəlxalq arenada başqalarına məsləhət verməsi ikili standartlara nümunədir. Avropa Parlamenti də Fransanın bu addımlarını dəstəkləyərək, anti-Azərbaycan istiqamətində olan ənənəvi ritorikasını davam etdirir. Bu fəaliyyətlər islamofob, irqçi və türkofob dairələrin dəstəyini qazanmağa xidmət edir.
Tarix boyu Afrika və Asiyada törətdikləri insan haqlarına zidd cinayətlərə görə heç vaxt üzr istəməyən Fransa, keçmiş müstəmləkələrində törətdiyi cinayətlərin nəticələri ilə hələ də üz-üzədir.
Fransanın sentyabr ayında Yeni Kaledoniyada dinc etirazlara qarşı tətbiq etdiyi zorakılıq isə onların bu gün də repressiv davranışlarını davam etdirdiklərini göstərir.
Yeni Kaledoniya sakinləri Parisdə keçirilən seçki hüquqlarının məhdudlaşdırılmasına qarşı dinc şəkildə etiraz edirdilər. Fransa qüvvələrinin etirazı zorakılıqla yatırması və 12 nəfərin öldürülməsi, Fransa dövlətinin insan haqlarına yanaşmasının əsl mahiyyətini bir daha ortaya qoydu.
Afrikada Fransa və müttəfiqlərinin törətdikləri terror və soyqırımı cinayətləri hələ də unudulmayıb. Afrika xalqları Fransa kolonializminin zülmü altında əziyyət çəkmiş, Kemi Seba kimi liderlər isə müasir dövrdə bu mübarizəni davam etdirirlər. Sebanın qanunsuz həbs edilməsi Fransanın insan hüquqlarına və suverenlik məsələlərinə məhəl qoymadığını göstərir. Lakin beynəlxalq təzyiqlər nəticəsində Seba azad edilib və bu hadisə Fransa imperializminin zəiflədiyinin nümunəsidir.
Sebanın sosial şəbəkələrdə geniş izləyici auditoriyasının olması, Parisin bu cür insanlardan qorxduğuna işarədir. Deməli, Fransa artıq keçmiş müstəmləkə torpaqlarından çəkilməli və onların suverenliyinə hörmət etməlidir.
Fransa Cənubi Qafqazda isə Ermənistan vasitəsilə regionu qarışdırmağa çalışır. Avropa Parlamentində də anti-Azərbaycan ritorikası davam edir, türklərə və müsəlmanlara qarşı olan deputatlar bu orqanda üstünlük təşkil edir.
Anti-Azərbaycan mövqeyi ilə tanınan Natali Luazonun Avropa Parlamentinin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Komitəsində rəhbər müavini təyin edilməsi də bu siyasətin davam etdiyinin göstəricisidir. Avropa Parlamentində erməni lobbisinin təsiri altında olan qrupların fəaliyyət göstərməsi artıq heç kimə sirr deyil. Bu qurumda qəbul edilən qərarların arxasında korrupsiya və maliyyə fırıldaqları gizlənir.
Azərbaycanın terrorçuluqda ittiham olunan Ruben Vardanyanı həbs etməsi və onun çirkli maliyyə əməliyyatları üzə çıxıb. Onun pulları Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qərarların maliyyələşdirilməsində də şübhə doğurur.
Avropa Parlamenti isə Azərbaycana qarşı qəbul etdiyi qərarların hüquqi qüvvəsinin olmadığını bilir. Bu qərarlar sadəcə olaraq, erməni lobbisinin və korrupsiyaya bulaşmış qrupların maraqlarına xidmət edir.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin Avropa Parlamentində müzakirəyə çıxarılmaması isə bu qurumun obyektiv olmadığını göstərir. Terrorçu rubenlərin pulları bu cinayətlərin üstünü ört-basdır etmək üçün istifadə olunur.