“Elektron siqaretlərin insan orqanizminə bilinən və hələlik bilinməyən zərərləri ilə bağlı müxtəlif araşdırmalar aparılır”.
Bunu “Unikal”a açıqlamasında deputat Tahir Mirkişili deyib. O bildirib ki, elektron siqaretlərin xüsusilə gənclər arasında yayılması və dəb halını alması çox narahatedicidir:
“Mülahizələrə görə, bu növ aludəçilik daha faciəli zərərli vərdişlərə keçid dövrünü formalaşdıra bilir. Artıq bir sıra ölkələrdə maye elektron siqaretlər ya qadağan olunub, ya da məhdudlaşdırılıb. Maye elektron siqaretlərin ölkəmizdə qadağan olunması ilə bağlı məsələ Milli Məclisdə də qaldırılıb. Cəmiyyətdə də əsasən bunun qadağan olunması ilə bağlı fikirlər səslənir. Bizdə olan məlumata əsasən, müvafiq dövlət orqanları araşdırmalar aparır. Araşdırmalar narahatlıqları təsdiq edərsə, hesab edirəm ki, ümumi razılıqla qanuna bu istiqamətdə müvafiq dəyişikliklər təklif etmək olar”.
Qeyd edək ki, Kaliforniya Universitetinin alimləri elektron buxarlandırıcıların qan damarlarına daha çox zərər verdiyini müəyyən ediblər. Alimlərin fikrincə, nikotin buxarının inhalyasiyası birbaşa damar sisteminin sürətlə qocalmasına səbəb olur.