8 iyun tarixində paytaxtda Bakı Limanının təşkilatçılığı, COP29 Əməliyyat Şirkətinin dəstəyi ilə “Yaşıl nəqliyyatla, yaşıl limana səfər” adlı veloyürüş keçirilib.
Arazmedia.az quruma istinadən xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən veloyürüşün əsas məqsədi cari ilin 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ərəfəsində ölkəmizin dayanıqlılıq təşəbbüslərinə ekoloji maarifləndirmə ilə əlavə töhfə vermək, o cümlədən karbon ayaq izinin azaldılması üçün yaşıl nəqliyyatdan istifadə, ətraf mühitin mühafizəsi, eyni zamanda sağlam həyat tərzinin təşviq və təbliğidir.
Həvəskar velosipedçilərin qatıldığı veloyürüşün start nöqtəsi paytaxtın mərkəzində yerləşən tarixi Dəniz Vağzalı kompleksinin qarşısı olub. 36 velosipedçinin iştirak etdiyi 70 kilometrlik yürüş, Ələt qəsəbəsində yerləşən regionun ən müasir və ilk Yaşıl Liman kompeksi olan Bakı Limanının ərazisində başa çatıb.
Tədbir zamanı aksiya iştirakçıları tərəfindən dayanıqlı davranışlara xüsusi diqqət göstərilib. Belə ki, aksiya zamanı velosipedçilər üçün təşkil edilən qidalanmanın təchizi dayanıqlılıq standartlarına uyğun təşkil edilmişdir.
Veloyürüş marşrutunun məhz bu səmtdə yer alması rəmzi məna daşımaqla paytaxt Bakıda ekoloji inkişaf konsepsiyasına uyğun təşkil olunan limana bir daha diqqətin cəlb edilməsidir. Qeyd edək ki, ekoloji aksiya və layihələrin icrasına xüsusi diqqət ayıran Bakı Limanı hələ 2019-cu ildə regionun ilk “Yaşıl Liman” sertifikatına layiq görülüb, 2022-ci ildə ilk dövlət təşkilatı olaraq BMT-nin Dayanıqlı İnkişaf məqsədləri Sazişinə qoşulub və istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”a endirilməsini hədəfləyib.
COP29-un əsas məqsədlərindən olan qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin həyata keçirilməsi yolunda ölkədə dayanıqlı investisiya və təşviqlərin edilməsi, bu istiqamətdə çevik fəaliyyəti təmin etmək zərurəti çərçivəsində bu cür təşəbbüslərin rolu böyükdür. Yaşıl Limanda innovativ dayanıqlılıq təşəbbüsləri nümayiş etdirməklə yanaşı, fərd və təşkilatları ekoloji cəhətdən məsuliyyətli təcrübələri qəbul etməyə və daha təmiz, daha yaşıl planetə töhfə verməyə ruhlandırmaq olduqca vacibdir.