“Ermənilər Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrətə görə”.
Arazmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
“Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib.
Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər.
Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir”, – deyə Prezidentin köməkçisi qeyd edib.