“Bu günün reallığı budur ki, Azərbaycanla Ermənistan arasında sülh müzakirələrinin aparılması üçün yeni platforma yaranıb. Azərbaycanın təşəbbüsü ilə tərəflər arasında birbaşa, həm də vasitəçilər olmadan görüşlər keçirilir. Sülhə nail olmaq üçün bu, vaxt itkisi baxımından, ideal variantdır. Bu gün tərəflərə yeni platformalar təklif edən ölkələr vaxtilə ATƏT-in çətiri altında yaradılan Minsk qrupunda həmsədrlik edirdilər. 30 il ərzində heç nəyə nail ola bilmədilər. Daha doğrusu sülh üçün, ədalətin bərqərar olması üçün yox, münaqişəni daha çox konservləşdirməyə çalışdılar. Bu yanaşma isə həmsədrlik, vasitəçilik prinsiplərinə tam olaraq ziddir. Bu gün isə vəziyyət kökündən dəyişib, təşəbbüs Azərbaycanın tərəfindədir”.
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, İlham Əliyev iki əsgərimizi düşmən əsirliyindən geri almaqla hər bir azərbaycanlının prezidenti olduğunu bir daha sübut etdi: “Ulu Öndərimizin siyasi varisi İlham Əliyevin ilk dəfə prezident seçkilərində qalib gəldiyini heç kim unutmayıb. Onun düz 20 il bundan əvvəl söylədikləri hər kəsin yadındadır və bu gün iki əsgərimizin geri qaytarılması İlham Əliyevin sözünün və əməlinin bir olduğuna işarədir. Prezidentimiz indiyədək xalqına hansı vədi veribsə, onu daim yerinə yetirib. İlham Əliyev sözdə və əməldə bir olan Liderdir. Dumanda yolu azaraq Ermənistan tərəfinə keçən əsgərlərimizin geri qaytarılması üçün Azərbaycan tərəfinin apardığı danışıqların bəhrə verməsi deyilənlərə əyani sübutdur. Geridə, həm də düşmən əlində kimsəni buraxmayacağımızı hər kəs anladı. Ermənistan tərəfi isə əsgərimiz haqqında çıxardığı 20 illik həbs qərarını ömürlük həbslə əvəzləməklə bir daha qəddar olduğu, Azərbaycan həbsxanalarında olan erməni hərbçilərin talelərinə nə qədər biganə olduqlarını üzə çıxardı. Hərbçilərimiz nəyin bahasına olursa-olsun azad edilməli, iki ailənin üzərinə çökmüş 8 aylıq qəm-kədər sevinc göz yaşları ilə əvəz olunmalı idi. Yəni, iki hərbçimizə qarşılıq ya iki, ya da 32 erməninin azad edilməsinin bir o qədər də fərqi yoxdur, əsas hərbçilərimizin azadlığı, ailələrinə qovuşmasıdır”.