Azad Jurnalistlər Təşkilatı (AJT) “Xural TV”-nin rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, AJT ayrı-ayrı vəzifəli şəxslərin neqativ əməllərini çəkinmədən tənqid edən Əvəz Zeynallının həbs olunmasını, ilkin istintaqın az qala qapalı aparılmasını, ümumiyyətlə bu şübhəli həbsi qətiyyətlə pisləyir, jurnalistin həbsinin ölkəmizin beynəlxalq imicinə mənfi təsirindən narahatlıqını ifadə edir. Təşkilat mülki qaydada araşdırılmalı olan bu olayın cinayət təqibi kimi tövsif olunmasına təəssüflənir və bunu hansısa revanşist dairənin hüquq-mühafizə orqanlarına təsirinin əlaməti kimi qiymətləndirir. Çünki jurnalistə ilk əvvəl şahid qismində saxlanıldığı bildirilsə də, sonradan ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər “yamaq” maddələrlə ittihamı irəli sürülüb. Məhkəmə prosesində Əvəz Zeynallı ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, həmin ittihamları şər və böhtan olduğunu bildirir. AJT tənqidi çıxışlarına görə bu gün məhbəs həyatı yaşayan Əvəz Zeynallının həbsinin sifarişli, şübhəli və ədalətsiz olduğunu düşünür, eyni zamanda Ağır Cinayətlər Məhkəməsində mübahisələndirilən ittiham aktının obyektiv, şəffaf araşdırılmasını və ədalətli məhkəmə qərarının çıxarılmasına ümid edir və hökuməti buna çağırır.