Azərbaycanda 2023-cü ilin yanvar ayında iqtisadiyyatın 1,5% kiçilməsi ilə bağlı statistika müzakirəyə səbəb olub. Bu rəqəmi Ermənistan və Gürcüstanla müqayisə edənlər bildirirlər ki, Ermənistanda bu ilin yanvarında iqtisadiyyat 10,5%, Gürcüstanda isə 8,4% artıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə Pravda.az-a açıqlamasında deyib ki, Ermənistan və Gürcüstanda ÜDM-in artması həmin ölkələrin yerli iqtisadi mənbələri hesabına baş verməyib.
“Bunun səbəbi Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar tətbiq olunan sanksiyalar səbəbindən rus şirkətlərinin, biznes subyektlərinin öz fəaliyyətlərini Ermənistan və Gürcüstanda davam etdirməsidir. Ermənistan və Gürcüstan iqtisadiyyatında pul dövriyyəsi, məcmu tələbi artırıb. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki həmin biznes sahiblərinin qarşıdakı dövrdə real gəlirlərini davam etdirəcək mənbələri də tükənir. Bu da Ermənistan və Gürcüstana öz mənfi təsirlərini göstərəcək”, – o qeyd edib.
A.Hüseynov Azərbaycanda iqtisadiyyatın 1,5% kiçilməsinin səbəblərini isə belə izah edib: “2023-cü ilin yanvar ayında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azalmasının səbəbi cari ilin yanvar ayında neft-qaz ixracı və gəlirlərinin aşağı düşməsi ilə bağlıdır. Azərbaycan yanvar ayında xaricə 1 milyard 592,3 milyon dollar olan neft-qaz və məhsulları ixrac edib. Bu, ötən ilin yanvarı ilə müqayisədə 1,8 dəfə – 44% azdır. Halbuki 2022-ci ilin yanvarında Azərbaycan xaricə 2 milyard 854,5 milyon dollarlıq neft-qaz və məhsulları ixrac etmişdi. Nəticədə bu amillər 2023-cü ilin yanvar ayında ÜDM-in azalmasına səbəb olub. ÜDM-in tərkibində neft sektorunda 4,6 % azalma qeydə alınıb. Ancaq bu, müvəqqəti haldır, çünki yanvar ayında ixrac tələbləri aşağı olur. Əsas dinamika fevraldan sonra başlayır”.
Deputat bildirib ki, ilk ayda ÜDM-in azalması bütün ölkələrin iqtisadiyyatlarına xarakterik olan haldır: “Çünki il yeni başlayır. Yanvar ayı əvvəlki ildən növbəti ilə keçid mərhələsidir. Maliyyə mənbələri hələ yeni formalaşır, büdcə gəlir və xərclərinin təmin olunması adətən fevralın ilk həftəsində nizamlanır və s. Ancaq sonrakı aylarda təmin olunan maliyyə mənbələri və fiskal artımlar sayəsində iqtisadi aktivlik və məcmu tələb də artır. Bu baxımdan ÜDM-in artımı da adətən fevral-mart ayından başlayır. Azərbaycan sonrakı aylarda ÜDM-in artımını və ümumilikdə inkişaf dinamikası hiss edəcək. Neft-qaz sektorunda azalmaya baxmayaraq, yanvar ayında qeyri neft-qaz sektorunda ÜDM 1,7 % artıb. Qeyri-neft ÜDM-i ümumi ÜDM-i üstələyib. Yəni iqtisadiyyatın əsas ağırlıq mərkəzi qeyri-neft sektorudur və neft gəlirləri azalsa da, iqtisadiyyatın inkişafını təmin edəcək real sektor, mənbə var. Unutmaq olmaz ki, 2023-cü ildə Azərbaycanın iqtisadi inkişaf proqnozları da olduqca dinamik və nikbindir. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə göstəricilərə əsasən, cari ildə ölkədə ÜDM-nin real artımı 3,5 % olmaqla 117,3 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-nin artımı 7,3 % olmaqla 67,1 milyard manat təşkil edəcək. İqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektoru olacaq. Nəticədə, 2023-cü ildə ÜDM-nin tərkibində qeyri-neft-qaz sektorunun payı 69,2%-ə çatacaq”.