Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada qadın təşkilatlarının nümayəndələri ilə görüşündə Rusiyadan Türkiyə ərazisi vasitəsilə yoxsul Afrika ölkələrinə taxıl tədarükü planlarını təsdiqləyib.
Arazmedia.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb .
Cənab Putin deyir: “Biz taxılı pulsuz verməyə hazırıq, siz isə onu Afrikanın kasıb ölkələrinə göndərin”. Cavab veririk ki, taxıl götürüb una çevirib, sonra Afrika dövlətlərinə göndərməyə hazırıq”, – Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsullarının 44%-dən 46%-ə qədəri Ukrayna limanlarından ehtiyacı olan ölkələrə deyil, Avropa ölkələrinə ixrac olunur.
Bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar TRT telekanalının efirində bildirib ki, taxıl müqaviləsi başlayandan bəri dəniz humanitar dəhlizi ilə təxminən 17 milyon tona yaxın taxıl çıxarılıb.
İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin yaradılması haqqında saziş imzalanıb .