Gəncə şəhərində yüksək standartlara cavab verən İdman Sarayı tikilir.
Arazmedia.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə İdman sarayına baş çəkib, burada aparılan işlərlə yerində tanış olub.
Şəhər rəhbərinə məlumat verilib ki, Sarayın otel bölməsində yekun tərtibat işləri həyata keçirilir. Havalandırma, soyutma, yanğından mühafizə və zəif axın bölmələrinin kommunikasiyaları yekunlaşır, atıcılıq zalının tavanında metal-konstruksiya üzərində yeni dəmir beton döşəmə tikilib. Bununla yanaşı, yeni SPA, fitnes, şahmat zalı, yoqa və aerobika zallarının inşası da davam etdirilir. Binada 11 lift layihələndirilib ki, bunlardan ikisi sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulub. Yan fasadlarda vitraj işləri görülür. Hazırda xaricdən alınan havalandırma avadanlıqlarının qalan hissəsi nəql olunur.
Niyazi Bayramov aparılan işlərlə yerində tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Gəncə İdman Sarayı 2092 yerlik böyük idman zalı, 1410 yerlik tamaşaçı zalı, 100 nəfərlik restoran və 160 çarpayılıq otel tutumlu olacaq. İki mətrəbəsi zirzəmi və əlavə iki mərtəbədən ibarət olan Gəncə İdman Sarayında beynəlxalq standartlara cavab verən böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.