“Azərbaycanda 47% kişilərin 65 yaşına çatmadan dünyasının dəyişdiyi bildirilib. Bunu Qüdrət müəllim demişdi. Demək istərdim ki, bu, yanlış rəqəmdir”.
Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu məlumatlar deputat Qüdrət Həsənquliyevə düzgün verilməyib.
Bununla bağlı rəqəmləri nəzərinizə çatdırmaq istəyərdim. 2021-ci ilin statistikasına əsasən, ölkəmizdə 76 878 nəfər dünyasını dəyişib. Onlardan 40 261 nəfər kişilər, 36 min 617 nəfəri isə qadınlardır. Kişilərin 18 min 922 nəfəri 65 yaşa qədərdir və 47% təşkil edir. 21 min 339 nəfəri isə 65 yaşdan yuxarı kişilər olub ki, bu da 53 faizdir. Yəni, 47% anlamına yalnız bu göstərici gəlir. Ümumilikdə, statistikaya görə ölkəmizdə kişilərin sayı 5 milyondan çoxdur. Onlardan 65 yaşdan yuxarı olanların sayı 341 min nəfərdir, yəni 6,7%-dir. 65 yaşına çatmayan kişilərin sayı isə 4 milyon 733 min nəfər, yəni, 93,3 faizdir. Beləliklə, əhalinin 65 yaşadək yaşayan hissəsinin müəyyən edilməsi hansısa statistik məlumatlarla deyil, demoqrafik hesablamalara əsasən müəyyən edilməlidir. Yaşı 65-dən çox olan 341 min nəfər kişidən 21 min nəfəri dünyasını dəyişib ki, bu da 6% təşkil edir. Hörmətli Qüdrət müəllim, son illərin ölüm ehtimallarına əsasən, aparılan qiymətləndirmələr göstərir ki, yeni doğulan əhalinin 79,5 faizi 65 yaşına çatır. Kişilər üzrə bu göstərici 75,5%, qadınlar üzrə isə 83,5%-dir. Bununla bağlı məsələnin düzgün təqdim edilməsi, hər hansı yozumlara şərait yaratmamalıyıq”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisin noyabrın 17-də keçirilən iclasında bildirmişdi ki, ölkə üzrə kişilərin 47 faizi 65 yaşa çatır.