“Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonuna səfəri tarixi hadisədir. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan və 44 günlük müharibədən sonra azadlığına qovuşan rayonda aparılacaq genişmiqyaslı tikinti və yenidənqurma işləri barəsində ölkə başçısının söylədiyi fikir və təkliflər həm də Azərbaycanın məram və məqsədlərinin anonsudur. Bununla ölkəmiz Ermənistandan fərqli olaraq qurucu, yaradıcı, sülhə yönəlik addımların daim tərəfdarı olduğunu isbat edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını qaldırması da daxildəki düşmənlərimizə, 1992-ci ilin mayında Laçın şəhərinin xəyanət yolu ilə düşmən əlinə keçməsinə şərait yaradanlara göz dağıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, 1992-ci ildə hakimiyyətdəkilərin səriştəsizliyi, xarici ölkələrdən asılı olması və hakimiyyətə gəlmək istəyənlərin də kreslo naminə doğma torpaqları hərraca çıxarmaq istəyi Laçın kimi alınmaz qalanın düşmən əlinə asanlıqla keçməsini təmin etdi: “Laçın şəhəri bu gün azaddır, bir güllə atılmadan, şəhid vermədən düşməndən təmizlənib. Əlbəttə, bütün bunlar 44 günlük müharibədə Prezident İlham Əliyevin dövlət başçısı kimi siyasi-diplomatik, Ali Baş Komandan kimi isə sərkərdəlik qabiliyyəti sayəsində mümkün olub. Erməni vandalları digər rayonlarımızda olduğu kimi Laçında da dağıntılar törədiblər, daşı-daş üstündə qoymayıblar. Azərbaycanlıların yüz illərlə qurub yaratdığı kənd və şəhərləri darmadağın ediblər, evlərini, mülklərini talan ediblər, milli və dini abidələri, qəbristanlıqları, ümumiyyətlə bütün infrastrukturu məhv ediblər. Ermənistanın hərbi-siyasi hakimiyyətinin bilavasitə rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılıb, Livandan, Suriyadan və digər ölkələrdən gətirilən erməni əsilli şəxslər azərbaycanlıların evlərinə sahibləniblər. Bütün bunlara, o cümlədən Azərbaycan ərazilərindəki tarixi-mədəni irsin Ermənistan tərəfindən talanmasına, oğurlanmasına, ərazilərin minalanmasına beynəlxalq aləm hələ də susur. Bu ədalətsizliyə Azərbaycan xalqı haqlı olaraq etiraz edir. Bütün bunlara rəğmən Azərbaycan işğaldan azad edilmiş rayonlarda genişmiqyaslı işlər görür, “Böyük Qayıdış”a hazırlaşır”.