Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik haqqında fərman imzalayıb.
Arazmedia.az TASS agentliyinə istinadən xəbər verir ki, səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayacaq.
Fərmanda dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulub.
Prezidentin sərəncamına əsasən, hərbi xidmətə yalnız ehtiyatda olan və ilk növbədə, silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar cəlb olunacaqlar.
Putin vətəndaşlara müraciətində qeyd edib ki, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və rus xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.
“Müdafiə müəssisələrinin maddi, resurs və maliyyə təminatı ilə bağlı bütün məsələlər hökumət tərəfindən dərhal həll edilməlidir”, – Putin bildirib.
Rusiya dövlət başçısı Qərbin anti-Rusiya siyasətini, Vaşinqton və Brüsselin ölkəni məhv etmək istəyini xatırladıb. O, qeyd edib ki, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.