Aydın Hüseynov
Milli Məclisin deputatı
Sentyabrın 12-də Ermənistanın törətdiyi hərbi təxribatlara Azərbaycan ordusunun tutarlı cavabı milli təhlükəsizlikdən irəli gələn zərurət idi. Bu təxribat Azərbaycan dövlətçiliyinə, ölkəmizin milli maraqlarına yönəlmişdi. Azərbaycan Silahlı Qüvvələri isə düşmənə layiq olduqları cavabı verdi. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimiz də məhz dövlətçiliyimizin və milli maraqlarımızın müdafiəsi uğrunda canlarından keçdi.
“Qətiyyətli cavab” əməliyyatı həm də, Ermənistanda baş qaldıran revanşizmin başının əzilməsi idi. Vətən Müharibəsindəki möhtəşəm zəfəri həzm edə bilməyənlərin aqibəti bundan sonra da, belə olacaq.
Amma təəssüf ki, bu hadisəni siyasi mübarizə müstəvisinə çəkib, alət etmək istəyənlər də var. Əslində Azərbaycan ordusununu keçirdiyi uğurlu cavab əməliyyatının bəzi xarici dairələrdə müxtəlif cür təqdim edilməsi təəccüb doğurmur. Çünki biz Ermənistan Azərbaycan münaqişəsində ölkəmizə qarşı ədalətsiz münasibəti həmişə görmüşük. Hətta 44 günlük Vətən müharibəsi dövründə də bu cür ədalətsiz münasibət və bəyanatlarla bizə mane olmağa çalışdıqlarını da unutmamışıq.
Amma özünü siyasətçi, müxalifətçi, müstəqil (adını hər nə qoyursa qoysun) adlandıran şəxs öz dövlətinə qarşı bunu etməməlidir. Çünki bu, Azərbaycanın düşmənləri ilə və onu sevməyənlər ilə eyni cərgədə və hətta eyni cəbhədə dayanmaqdır. Bilərəkdən, yaxud bilməyərəkdən fərqi yoxdur. Əslində, bu ünsürlərin çirkin siyasi maraqlarının xaricdəki antiazərbaycan dairələrin mövqeyi ilə sinxronlaşması heç cür təsadüfə oxşamır.
Məsələn, Əli Kərimlini nə vadar edir ki, Nensi Pelosinin Ermənistana səfərini düşmən ölkənin böyük siyasi qələbəsi kimi qələmə versin?! Hansı ki, həmin Pelosi səfər zamanı “Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik” demişdi.
Yaxud Altay Göyüşovu “Azərbaycan təcavüzkar dövlətə çevrildi” deməyə nə vadar edir?!
Özünün çirkin siyasi maraqları naminə öz dövlətinə, onun qüruru olan ordusuna dil uzatmaq, böhtan atmaq, ləkələmək, heç bir əxlaqa və mənəviyyata sığmır. Həmin qüvvələr Azərbaycan ordusunu Ermənistanın sərhədlərini pozmaqda, öz dövlətini təcavüzkarlıqda ittiham edəcək qədər xəyanəti özlərinə məslək seçiblər. Milli maraqların siyasi mübarizənin fövqündə dayandığını qəbul və dərk etməyənlər, ən həssas məqamlarda öz cılız siyasi maraqlarını güdənlər öz dövlətinə və xalqına xəyanət edir. Bunun başqa adı yoxdur.