Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Arazmedia.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğ” hərbi əməliyyatlarını başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlə rindən biri kimi baş verib. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmənə böyük zərbə vuraraq qəhrəmancasına şəhid olub.
Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biridə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur. Kapitan Abdullayev Rəşad Arif oğlu 14.09.1988-ci il tarixində Cəlilabad rayonunda anadan olub. 2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 29.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ,”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
16.05.2021-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adına əbədiləşdirilib. Küçə əsaslı təmir edilmiş və küçənin başlanğıc hissəsində şəhidin barelyef abidəsi quraşdırılıb. 14.09.2022-ci il tarixində şəhidin doğum günü ilə əlaqədar barelyef abidəsi Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin Deputatı Aydın Hüseynov, rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və I Qarabağ müharibəsi əlillərinin iştirakı ilə ziyarət edilib, abidənin önünə gül çələngi qoyulub, şəhidin ruhu anılıb.