Bu il ali məktəblərə qəbul olunan Ələt qəsəbəsinin gəncləri ilə Bakı Limananında görüş keçirilib. Görüş zamanı Bakı Limanında tələbələrin akademik təhsil müddətində öz bilik və bacarıqlarını artırmaq üçün mövcud olan imkanlar barədə təqdimat və müzakirələr aparılıb. Gənclər, Bakı limanında təcrübə proqramları və məşğulluq imkanları barədə onları maraqlandıran məsələləri liman əməkdaşları ilə birgə müzakirə ediblər.
Bakı Limanı, Ələt qəsəbəsində yaşayan gənclərin peşəkar bacarıqlarının artırılmasını mütəmadi olaraq dəstəkləyir. Gənclərin Bakı Limanın, o cümlədən Ələt qəsəbəsinin daha da inkişaf etdirilməsində iştirakı limanın əsas prioritetlərindəndir.
Qeyd edək ki, bu il Qaradağ rayonu Ələt qəsəbəsində təhsil alan 70-dən çox şagird ali məktəbə daxil olub. Bu il üçün qəsəbə üzrə ən yüksək bal 596.10, orta statistik göstərici isə 363.35 olub.