20-24 iyun 2022-ci il tarixlərində keçirilən Almaniya-Azərbaycan Davamlılıq Forumu 2022-də iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdə olan alman şirkətləri Bakı Limanında səfərdə olublar.
Nümayəndə heyətinin tərkibinə Almaniya Şərq Biznes Assosiasiyasının Şərqi Avropa üzrə regional direktoru Stefan Kagebein, Alman-Azərbaycan Forumunun sədr müavini Helga Daub, Gerber Architekten International GmbH şirkətinin idarəedici direktoru Marius Andreas Ryrko və Gerber Architekten International GmbH şirkətinin kommersiya meneceri Huijun Wang daxil idi.
Səfər zamanı qonaqlar Limanın rəqəmsallaşma, əməliyyat səmərəliliyi və davamlı inkişaf üçün nümunəvi həllərin tətbiqi sahəsində əldə etdiyi nailiyyətləri müzakirə ediblər. Həmçinin vurğulanıb ki, Bakı Limanı regionda ilk dəfə olaraq “İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı” hazırlayıb. Qeyd olunub ki, Limanla bağlı enerji istehlakının azaldılmasına, enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerjinin və təmiz yanacaq istehsalının təşviqi məqsədi daşıyan Plan regional logistika və nəqliyyatın davamlılığında əsas olan liman əməliyyatlarının səmərəliliyini təmin etmək üçün mühüm rola malikdir.
Görüş zamanı, həmçinin dayanıqlı inkişaf sahəsində çalışan Alman şirkətləri ilə Bakı Limanı arasında liman əməliyyatlarında işgüzar tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün ən yaxşı təcrübə və bacarıqların mübadiləsi barədə razılıq əldə olunub.
Hacıağa Qayıbov,
Arazmedia.az