Rusiya raket qüvvələri Ukraynanın Xarkov vilayətində komanda məntəqələrini və Nikolayev vilayətində S-300 zenit-raket kompleksinin buraxılış qurğusunu məhv edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Raket qoşunları Xarkov vilayətinin Podolovka rayonunda Dolina yaşayış məntəqəsi ərazisində 81-ci aviasiya briqadasının və 77-ci ərazi müdafiə briqadasının komanda məntəqələrini vurub. Həmçinin, Nikolayev vilayətinin Kulbakino rayonunda S-300 zenit-raket kompleksinin buraxılış qurğusu məhv edilib”, – Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələri 146 təyyarə, 112 helikopter, 696 pilotsuz uçuş aparatı, 286 zenit-raket kompleksi, 2783 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1255 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2590 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.