Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq, Almaniya Federativ Respublikasının ölkəmizdə akkreditə olunmuş iqtisadi əməkdaşlıq üzrə regional rəhbəri xanım Lidiya Kristmann və GİZ-in ölkə üzrə direktoru Karin Hörhan ilə görüşüb.
Arazmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasətin aparılmasında mühüm xidmətləri qeyd edilib.
44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatdırılması, təcavüzkar Ermənistanın işğalına son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi nəticəsində məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan yarandığı, dövlətimizin başçısının tapşırıqları əsasında, onların könüllü, ləyaqətli və təhlükəsiz qayıdışının təmin olunması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Qeyd olunub ki, azad edilmiş ərazilərdə genişmiqyaslı iş aparılır, infrastruktur layihələri həyata keçirilir, ermənilərin tamamilə dağıtdığı kəndlərin və şəhərlərin yerində müasir tipli yaşayış məntəqələri salınır. Mina və partlayıcı qalıqların təhlükəsizliyə ciddi maneə törətdiyi, onların zərərsizləşdirilməsinin böyük vaxt apardığı və məcburi köçkünlərin qayıdışını ləngidən amilə çevrildiyi bildirilib.
Vurğulanıb ki, bərpa-quruculuq işləri ölkə rəhbərinin Sərəncamı ilə həmin ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üzrə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən operativ qaydada koordinasiya edilir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialından səmərəli istifadənin, bu ərazilərdə icma əsaslı dayanıqlı məskunlaşmanın təmin olunması Böyük Qayıdışın başlıca prioritetidir.
Dövlət Komitəsinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə əlaqələrinin əhəmiyyəti xüsusi qeyd edilib və məcburi köçkünlərlə bağlı layihələrə verilən dəstəyə görə minnətdarlıq ifadə olunub.
Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin geri dönməsi üçün şəraitin yaranmasını yüksək qiymətləndirən diplomatlar dayanıqlı sülhün bərqərar edilməsinə, icmalararası əlaqələrin bərpasına Almaniya hökumətinin yardım göstərmək istəyini ifadə ediblər. Həmçinin bildirilib ki, məcburi köçkünlərlə bağlı layihələrin bundan sonra da dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulur.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.