“Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq”.
Arazmedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir:
“Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq”.
“Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq.
Biz isə əlbəttə, öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq”, – deyə Prezident İlham Əliyev bildirib