Tez-tez işlətdiyimiz bir kəlam var: “Təmizlik imandadır” deyirik. Məşhur kəlamda da deyildiyi kimi, imanın göstəricilərindən biri təmizlikdir. Bura bizi əhatə edən mühitimizin təmizliyini də əlavə etsək, yerinə düşər. Qobustan rayonu Ələt qəsəbəsindəki vəziyyətə uyğun deyə bilərik ki, ünvan sahibləri üçün bu kəlam nəzəri xarakter alıb.
Arazmedia.az Demokrat.az-a istinadən xəbər verir ki, buna səbəb ətrafa yayılan zibil, anti-sanitariya şəraiti və natəmizlikdir. Ən təəccüblüsü isə qonşu Qobustan və Səngəçal qəsəbələrinin zibil meydançalarından təmizlənən tullantıların da Ələt qəsəbəsinə asan və səssiz-səmirsiz şəkildə gətirilməsidir.
Bu barədə saytımıza daxil olan şikayət məktubunda qeyd olunub:
“Bir qəsəbəni bu günə qoymaq Xalqa və Xalqı idarə edən rəhbərə balta çalmaq deməkdir! Qaradağ rayonunda belə problemlərə niyə axı son qoyulmur? Nə üçün səbəbkarlar cəzalanmır? Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Cənab Süleyman Mikayılov Ələt qəsəbəsinin, qonşu Qobustan və Səngəçal qəsəbələrinin zibil meydançalarından təmizlənən tullantıları Ələt qəsəbəsinə asan və səssiz-səmirsiz şəkildə gətirib boşaltmaq hansı qanunda yazılıb? Xahiş edirəm əgər belə bir qanun varsa rəsmi şəkildə, sənədlər üzərində bu qanunu bizə göstərin bilək! Niyə görə Qaradağ rayon İcra Hakimiyyəti deyirik? Çünki bu sizin səlahiyyətləriniz daxilində olan problemldir, sizə aid olan aktual problemlərdir! Cənab Prezident hər zaman Ələt qəsəbəsini diqqətdə saxlayır, Ələt qəsəbəsində xeyli işlərin görülməsi üçün vəsait ayırır, hətta Ələt qəsəbəsini Azad İqtisadi Zona edir. Bəs siz nə edirsiniz? Sizin məqsədiniz nədir? Budurmu sizin ölkə rəhbərinin gördüyü işlərə qoyduğunuz hörmət? Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq ölkə rəhbərinin adına uyğun olmayan “işlər görən” hər kəs sərt şəkildə cəzasını almalıdır! Maraqlıdır, belə bir qanun varmı? Təbii ki, bir qəsəbəni bu günə qoymaq xalqa və xalqı idarə edən rəhbərə balta çalmaq deməkdir! Qaradağ rayonunda belə problemlərə niyə axı son qoyulmur? Nə üçün səbəbkarlar cəzalanmır?”.
Məsələ ilə bağlı Demokrat.az Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun mövqeyini öyrənməyə çalışdı. Qurumdan saytımıza bildirildi ki, Süleyman Mikayılov hazırda məzuniyyətdədir və işə bir həftədən sonra qayıdacaq.