Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bir sıra sərt sanksiyalar tətbiq edib.
Bu barədə Arazmedia.az Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə istinadən xəbər verir.
“Bu axşam təsdiqlənən kütləvi və məqsədyönlü sanksiyalar paketi Aİ-nin nə qədər vahid olduğunu göstərir.
Birincisi, bu paketə Rusiya bank bazarının 70%-ni və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir.
İkincisi, biz xüsusilə Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektorunu hədəfləyirik”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen özünün tviter hesabında yazıb.
İxrac qadağamız Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməklə, neft sektoruna zərbə vuracaq.
Üçüncüsü: Rusiya aviaşirkətlərinə təyyarə və avadanlıqların satışını qadağan edirik.
Dördüncüsü, biz Rusiyanın yarımkeçiricilər və ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışını məhdudlaşdırırıq.
Nəhayət: vizalar. Diplomatlar, əlaqəli qruplar və iş adamları artıq Avropa İttifaqına imtiyazlı giriş əldə etməyəcəklər”, – o əlavə edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə bu gün Avropada genişmiqyaslı müharibənin dağıdıcı reallığı ilə qarşılaşdıqlarını vurğulayıb.
“Yalnız Rusiya təqsirkardır. Ağır bədəl ödəyəcək.
Aİ liderləri maliyyə, enerji və nəqliyyat sektorları da daxil olmaqla, böyük sanksiyalar paketi ilə cavab verdilər.
Bu gün Zelenski və ukraynalılarla həmişəkindən daha çox həmrəyik. Beynəlxalq tərəfdaşlarla Ukraynaya siyasi, maliyyə və humanitar yardım göstərmək üçün qətiyyətlə hərəkət edirik”, – Şarl Mişel bildirib.