Hələ 2020-ci il noyabrın 23-də, Ermənistanın baş nazirinin kapitulyasiya aktını imzalamasından 13 gün sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Ağdama səfər edən ölkə Prezidenti İlham Əliyev, əgər düşmən təslimçilik aktını imzalamasaydı, son döyüşün işğalçıya sarsıdıcı zərbəsinin məhz Ağdamda vurulacağını bəyan etmişdi. Ağdam şəhərinin və rayonun işğal altında olan torpaqlarının bir güllə atılmadan azad edilməsi də elə düşmənin burada tam məğlubiyyət gözlədiyini bilməsindən irəli gəlirdi.
Dağıdılmış, vəhşicəsinə viran qoyulmuş Ağdama “Ruhlar şəhəri” adını biz yox, hələ illər öncə xarici ölkələrin jurnalistləri vermişdilər. Ağdamda gördükləri barbarlığı, həm əmlaka, həm də təbiətə qarşı törətdikləri amansız terroru Xirosimanın 1945-ci ildə nüvə silahından istifadə olunaraq bombalanması, faşizmin Avropada misli görünməmiş qəddarlıqla həyata keçirdikləri hərəkətlərlə eyniləşdirən bu qələm sahiblərinin ürəkağrısı ilə çəkdikləri fotolar isə tək ağdamlıların deyil, hər bir soydaşımızın ürəyini yaralamış, gəlbini ölçüyəgəlməz ağrı-acılarla doldurmuşdu.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Qarabağda, Şərqi Zəngəzurda əbədi, daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, layihələr gerçəkləşdirilir. 30 il ərzində ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərimizin siması böyük sürətlə dəyişir, namərd, xain, məkrli düşmənin tar-mar etdiyi yurd yerlərimizə, həmçinin Ağdama yeni ab-hava gəlir.
Ölkə başçımız 2022-ci il fevralın 13-də Ağdama səfəri zamanı verdiyi müsahibədə bildirmişdir ki, Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə təmin ediləcək. Ağdamda müasir mehmanxana təxminən iki ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma, iki ilə inşa olunacaq. 210 çarpayılıq Ağdam Şəhər Mərkəzi Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Ağdamın yol-nəqliyyat strukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək və Ağdama başqa şəhərlərdən gəlmək daha asan olacaq.
Hər bir kəsə yaxşı məlumdur ki, yarandığı gündən Heydər Əliyev Fondu özünün çoxşaxəli, zəngin fəaliyyəti ilə daim diqqət mərkəzində olub. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə genişmiqyaslı işləri, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi möhtəşəm tədbirləri ilə xalqımızın böyük sevgisini, tükənməz məhəbbətini qazanmışdır. Fond azad edilmiş torpaqlarda tarixi, dini abidələrin bərpasına layiqli töhfələrini verməkdədir.
Ölkə başçımızın verdiyi müsahibədə bu baxımdan dediklərinə diqqət yetirək: “Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağıdılmış Ağdam məscididir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman xalqını təhqir ediblər.
Təəssüflər olsun ki, döyüş meydanında acı məğlubiyyətə uğrayan Ermənistanda, bəlkə də qaytardılar xülyası ilə yaşayan revanşistlər mövcuddur. Suda boğulanın saman çöpündən yapışdığı kimi, külünc, mənasız fikirlər, düşüncələr burulğanında çabalayan bu qüvvələr, görünür, başlarına gələnlərdən ibrət dərsi almaq niyyətində deyillər.
Sözügedən müsahibədə dövlətimizin başçısı bu məsələyə münasibətini bildirmişdir: “Ermənistanda baş qaldıran revanşıst qüvvələr hər an Azərbaycan Ordusu tərəfindən məhv oluna bilər. Bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycan Ordusu daha da gücləndiriləcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Azərbaycan xalqı öz torpaqlarını qaytarıb. Bu torpaqlar qan tökərək, şəhidlər verərək qaytarılıb”.
Bu gün şanlı Zəfər tariximiz azad olunmuş torpaqlarda həyata keçirilən dirçəliş layihələri ilə davam etdirilir. Görülən genişmiqyaslı quruculuq, bərpa işləri ilə ölkəmiz cəmi 44 gün ərzində əldə etdiyi möhtəşəm Qələbəmizi daha da möhkəmləndirir və bütün dünyaya ermənilər kimi dağıdıcı yox, qurucu olduğunu nümayiş etdirir. Şübhə yoxdur ki, tezliklə bu yerlər, o cümlədən Ağdam da cənnətməkana çevriləcək, əvvəlkindən qat-qat gözəl, yaraşıqlı olacaq.
Əzizağa Məmmədli,
“Qələbə” qəzetinin əməkdaşı