Fevralın 10-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynovun 60 illik yubileyi münasibətilə görüş keçirilib. Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, Aydın Hüseynov uzun müddət YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri və İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin müdiri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Hazırda isə Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü və millət vəkili olaraq ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır.
“Sizin Azərbaycan Respublikası Milli Məclisinin V və VI çağırış deputatı kimi fəaliyyətiniz də təqdirəlayiqdir. Milli Məclisin üzvü kimi qanun yaradıcılığı və hüquqi dövlət quruculuğu prosesində, hüquqi bazanın formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirak etmisiniz, müxtəlif ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olaraq Azərbaycan həqiqətlərinin təbliğində fəallıq nümayiş etdirmisiniz”,-deyə Tahir Budaqov qeyd edib.
Yubilyarı doğum günü münasibəti ilə təbrik edən YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova da Aydın Hüseynovun ictimai-siyasi proseslərdə fəallıq göstərdiyini qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən Aydın Hüseynov partiyanın VII qurultayında Təftiş Komissiyasına üzv seçilməsini yüksək qiymətləndirərək ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.