DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bakının köhnə avtobus problemi – çıxış yolu yoxdurmu?

4 dəqiqəyə oxunur

Elməddin Muradlı: “Köhnə avtobuslardan yaxa qurtarmaq çətindir, çünki…”

Bakıətrafı kənd və qəsəbələrə işləyən avtobusların yararsız,  vəziyyətinin acınacaqlı olması ilə bağlı məsələ tez-tez gündəmə gətirilir. Ötən ilin sonlarına yaxın Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində 149 saylı sərnişin avtobusunun biabırçı görüntüləri yayılmış və köhnə avtobus problemini yenidən gündəmə gətirmişdi. Görüntüdə avtobusun sınıq-salxaq olması, oturacaqların sökülmüş və yerində evdə işlədilən stulların olması əks olunurdu. Yayılan məlumatda qeyd olunurdu ki, adıçəkilən qəsəbədə daha 8 belə istismara yararsız vəziyyətdə avtobus var. Gündəlik marşrutdan istifadə edən sərnişinlər artıq əlini bu avtobuslardan üzdüyünü və məcburi fərdi taksilərdən istifadə etməli olduqlarını bildirirdilər.

Bakı Nəqliyyat Agentliyi məsələnin tezliklə həll olunacağını və xəttə yeni avtobusların gətiriləcəyini bildirsə də, görünən budur ki, problemin həlli hələ də yubanmaqdadır.

Problemin həllinin hələ də çözülmədiyi haqda “Yeni Müsavat”ın da redaksiyasına müraciətlər olunub.

Bəs problem nədədir? Niyə hələ də paytaxt Bakının “köhnə avtobus” problemi öz həllini tapa bilmir?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin yeni mövqeyini öyrənməyə çalışsaq da çoxsaylı zənglərimiz cavabsız qaldı.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə qəzetimizə açıqlamasında bildirdi ki, hazırda köhnə avtobuslardan yaxa qurtarmaq çətindir:

“Çünki indiki dövrdə  avtobus parkının yenilənməsi sürətli  formada həyata keçirilə bilməz və  bu mümkün də deyil. ”BakuBus” MMC dövlət tərəfindən yaradılıb və dövlətin özü belə bu işi sürətli həyata keçirə bilmir. Çünki avtobusların qiyməti kifayət qədər bahadır, həmçinin onların hazırlanması, ölkəyə gətirilməsi  vaxt aparan məsələdir.

Elməddin Muradlı
Təsəvvür edin ki, indi gətirilən avtobuslar yeni sayılırsa, artıq 5-7 il əvvəl gətirilən avtobuslar qanun-qaydalara görə  köhnə sayılır. Məsələn, həmin avtobuslar 10 il öncə “Avroviziya”  mahnı müsabiqəsi ərəfəsində ölkəyə gətirilmişdi. Bu o deməkdir ki, həmin avtobusların istismar müddəti bitib. Keçmiş baş nazir Novruz Məmmədovun dövründə nəqliyyat sahəsi ilə bağlı 73 saylı qərar belə qəbul edilmişdi. Həmin qərara əsasən dizel mühərrikli avtobusların  bu il yanvarın 1-dən ölkəyə, Bakı şəhərinə gətirilməsi və istismarı qadağandır. Lakin başqa bölgələrdə, məsələn, Sumqayıtda, Qəbələdə və sairə yerlərdə olar. Beləliklə, Bakıya yalnız qazla işləyən və elektrik mühərrikli avtobus gətirilə bilər. Bunların  da ümumi xərclərini hesablayanda  baha başa gəlir. Məsələn, bu gün qoyulan tələbə görə sıxılmış qazla işləyən 3 avtobus almaq əvəzinə həmin dəyərə 4 dizel mühərrikli avtobus almaq olardı.  Əgər belə bir  şey mümkündürsə, hazırkı vəziyyətdə bizə  belə bir  qərarın  qəbul edilməsi nəyə lazım idi?  Onsuz da dünya təcrübəsində beynəlxalq standartlar var, yəni “Avro-5″, ”Avro-6″ standartı var, hansı ki, dizel də, qaz da həmin standarta  cavab verir. Düşünürəm ki, bu standartı əsas tutub həmin qərarı ertələmək olar.
Daşıyıcı şirkətlərin də üzərində məsuliyyət qalıb, onlar da avtobusları yeniləməlidir. Sahibkar  200 min dollara avtobusu necə alsın ki, gediş haqqı 30 qəpikdir.
Ümumiyyətlə,  ümumi Bakı şəhərində  bir sərnişinin daşınması təxminən 85 qəpiyə yaxındır. Daşıyıcı şirkətə isə deyilir ki, sərnişini 30-40 qəpiyə daşımalısan.
Problem də buradan qaynaqlanır. Ona görə də şirkətlərə sərf edir ki,  köhnə avtobuslarla işləsinlər. Şirkətlər bilsə ki, təzə avtobus gətirdiyi halda dövlət onun arxasında dayanıb, maddi təminat, sərfəli  şərtlərıə kredit verəcək, əlbəttə ki, yeni avtobuslar alarlar. Lakin qeyd etdiyim kimi, indi ki, vəziyyətdə bu mümkün deyil. Sahibkar da qazanmaq istəyir, lakin təzə avtobusla o pulu qazana bilməyəcək. Gedib 200 min avro verib, avtobus alıb onu neçə ilə sərnişin daşıyıb, istismar etsin ki, öz pulunu  çıxartsın. Öz pulunu çıxaran dövrdə də avtobusun istismar dövrü bitir. Bəs onda sahibkar nə etməlidir?”
Ekspert vəziyyətdə çıxış yolları haqda da danışıb:
“Düşünürəm ki, ölkəyə gətirilən avtobusların rüsumu azaldılmalı, ikinci növbədə isə sahibkarlara kiçik də olsa dəstək olmaq lazımdır. Çünki dövlətin hazırda əsas diqqəti Qarabağda quruculuq, abadlıq  işləri aparmağa,  insanların qayıdışını təmin etməyə yönəlib. Bu gün üçün ictimai nəqliyyat sektorunu dövlətin boynuna atmaq risklidir, çətindir. Hazırda dövlətin o qədər milyonları ictimai nəqliyyata ayırması real görünmür. Sadəcə, banklara göstəriş verilə bilər ki, nəqliyyatla məşğul olan sahibkarlara sərfəli  kredit şərtləri ilə pul ayrılsın və onlar avtobus parklarını yeniləsinlər. Buna da ciddi nəzarət mexanizmi lazımdır. Bu gün sahibkarlar o köhnə avtobuslarla işləməyi daha üstün tutur, nəinki bahalı avtobusla. Çünki köhnə avtobusun bazar qiyməti 15 min manat civarındadır. Gedib yeni bahalı avtobus alanda görün nə qədər ziyana düşür.
Bu gün Bakı şəhərinə pik saatlarda sərnişinlərin küçələrdə qalmaması üçün ən azı 2500 yeni avtobus lazımdır, yəni reallıq bunu deyir. Hazırda isə 1800-2000 min avtobus var ki, onların da nə qədərinin xəttə çıxdığı məlum deyil”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”