Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində həyata keçirilən əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.
Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
Qeyd edək ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər 3 şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Nəzərinizə çatdıraq ki, bu şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 200 min manata yaxın olub.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.