Azərbaycanın Moldovadakı Səfirliyində 8 noyabr – Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib.
Arazmedia.az xəbər verir ki, Moldovanın Xarici İşlər Nazirliyinin, Ali qanunverici orqanının nümayəndılərinin, diplomatik korpus təmsilçilərinin, ictimai-siyasi xadimlərin, aparıcı media qurumlarının əməkdaşlarının və Moldovada yaşayan soydaşlarımızın iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın və Moldovanın Dövlət Himnləri səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov Zəfər Gününün Şuşanın işğaldan azad olunduğu tarixdə qeyd olunmasından söz açaraq, bu şəhərin Azərbaycan tarixində və mədəni inkişafında bənzərsiz yer tutduğunu vurğulayıb.
Səfir Azərbaycan torpaqlarının 30 illik işğal tarixinə nəzər salaraq Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə törətdiyi təxribatlara, diversiya qrupları tərəfindən həyata keçirilmiş terror aktlarına da diqqət yönəldib. Q.Osmanov qeyd edib ki, ötən ilin iyul ayında Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd zonada genişmiqyaslı təxribatlar törədib ki, bunun da nəticəsində dinc əhali arasında ölənlər olub. “Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatları həyata keçirmək məcburiyyətində qaldı və bunun da nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Erməni əsgərləri öz torpaqlarında döyüşmürdü. Onlardan fərqli olaraq Azərbaycan əsgərləri öz tarixi torpaqlarının azadlığı uğrunda mücadilə aparırdı. Onlar Vətən uğrunda döyüşürdülər və öz canları, qanları hesabına həmin əraziləri işğaldan azad etdilər. Bu gün Azərbaycan Dövləti işğaldan azad olunmuş şəhər və rayonlarımızı yenidən dirçəldir” – deyə, Q.Osmanov vurğulayıb.
Səfir çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sülhpərvər siyasətindən söz açaraq, onun müəllifi olduğu strateji xəttin qayəsində regionda sülhün təmin olunması, insanların əminəmanlıq içində yaşaması məqsədinin dayandığını xüsusi vurğulayıb.
Daha sonra çıxış edən Moldova Parlamentinin hakim Hətəkət və Həmrəylik Partiyasından olan deputatı Vitali JakotAzərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiklərini deyib və işğaldan azad olunmuş torpaqlarda tezliklə normal həyat şəraitinin bərpa olunacağına ümid etdiyini bildirib. O, həmçinin Azərbaycan və Moldova arasında bütün sahələr üzrə dialoqun bundan sonrada da inkişaf etmısində maraqlı olduqlarını dilə gətirib.
Tədbirdə qardaş Türkiyənin Moldovadakı səfiri Gürol Sökmənsener çıxış edərək Azərbaycan xalqını şanlı qələbə münasibətilə təbrik edib və qeyd edib ki, Türkiyə “İki dövlət bir millət” həqiqətinə uyğun olaraq bundan sonra da qardaş Azərbaycanın yanında olacaq.
“Mən Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etmişəm. Orada gördüklərim məni dəhşətə gətirdi. İşağal dövründə Azərbaycanın şəhər və rayonları tamamilə dağıdılıb, yelə bir edilib” – Bu fikirləri isə mərasimdəki çıxışında Moldovanın tanınmış yazıçı və publisisti İqor Volnıntski dilə gətirib. Natiq qeyd edib ki, qələbənin əldə olunmasına görə Azərbaycan xalqının və Azərbaycanın dostlarının sevincini bölüşür və heyrətlənir ki. işğal olunmuş ərazilərin bərası istiqamətində hazırda genişmiqyaslı işlər aparılır.
Mərasimdə Moldovanın xalq artisti Konstantin Moskoviç, eləcə də xarici ölkələrin diplomatik missiyalarının təmsilçiləri və Moldovanın ictimaiyyət nümayəndələri çıxış edərək Azərbaycan üçün əlamətdar tarix münasibətilə öz səmimi fikirlərini ifadə ediblər.
Mərasim iştirakçıları daha sonra Ümumilli Lider Heydər Əliyevin səfirliyin qarşısında olan büstünün önünə tər çiçəklər qoyublar. Ardınca Moldovadakı səfriliyimiz tərəfindən hazırlanmış, Zəfər Gününə həsr olunan Xatirə barrelyefinin təntənəli açılışı olub. Səfir Qüdsi Osmanov mərmər barrelyefin üzərində həkk olunmuş Dəmir Yumruq və Xarıbülbül simvollarının mənası barədə qonaqlara ətraflı məlumat verərək bu simvolların qələbəni və sülhü tərənnüm etdiyini bildirib. Bundan başqa, barrelyefdə Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır! Bundan sonra biz qalib ölkə və müzəffər xalq kimi yaşayacağıq” ifadəsi və “Bizim gücümüz bizim birliyimizdədir” şüarı üc dildə – Azərbaycan, rumın və ingilis dillərində öz əksini tapıb.
Barrelyefin qarşısında çıxış edən Ukraynanın Moldovadakı səfiri Marko Şevçenko və Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriak Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını alqışladıqlarını və əldə olunmuş qələbənin böyük hadisə olduğunu vurğulayıblar.
Mərasimin ikinci hissəsində qonaqlar Səfirliyin həyətində təşkil olunmuş Zəfər Gününə həsr olunan fotosərgi ilə də tanış olublar.
Arazmedia.az