Yevlaxda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbir keçirilib.
Arazmedia.az xəbər verir ki, Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin, Səhiyyə Nazirliyi Mingəçevir rayonlararası Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Yevlax şəhəri üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Yevlax şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri, Yevlax ŞİH başçısının müavini Elnarə Əzizova tədbiri açaraq dedi ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. O həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb. O, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, rayonda görülən profilaktik tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əmədaşı Seymur Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Səhiyyə Nazirliyi Mingəçevir rayonlararası Narkoloji Dispanserinin həkim narkoloqu Zeynəb Balakişiyeva gündəlikdə duran məsələ ətrafında çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırdılar
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.