Baş Prokurorluq “Günay Bank”ın iddialarına cavab verib.
Qurumun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
““Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olmuş məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.
Bu gün, “Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğunu, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığını, ümumiyyətlə, R.Hüseynovla bağlı yayılan məlumatların “Günay Bank”la heç bir əlaqəsinin olmadığını bildirilmişdir.
Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən – 29 sentyabr 2021-ci il tarixədək işləmişdir.Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilmiş, aşkar edilmiş cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanmış və yalnız bundan sonra, yəni 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunmuşdur.
Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır”.