Bildiyiniz kimi, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur. Bəzi taksi sürücüləri isə avtomobilin üzərinə taksi fərqlənmə nişanı qoymur, müxtəlif şirkətlərin xidmətlərindən istifadə edərək, onlayn müştəri qəbul edirlər. Bununla da cərimələrdən yayınırlar. Bu gün isə polis əməkdaşlarının sərnişin qismində taksi sürücülərinə yaxınlaşaraq onları yoxlaya biləcəklərinə dair məlumatlar yayılıb.
Məsələ ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlamasında yol polisinin sərnişin qismində və mülki geyimdə taksi sürücülərini yoxladığı ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Yol polisi əməkdaşları mülki formada heç kimi cərimələmir. Bizim əməkdaşlarımız yalnız müəyyən edilmiş geyim formasında və görünən yerdə xidmət aparır. Yol polisi tərəfindən seçmə üsulu ilə reydlər keçirilir, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin COVID pasportu olub-olmaması müvafiq qaydada yoxlanılır. İndidən gələcəkdə taksi sürücülərinə qarşı hansı intizam tədbirinin görüləcəyi ilə bağlı isə bir söz deyə bilmərəm. Hazırda belə bir hal yoxdur”.