Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olmuşdur.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir:
“Aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilmişdir.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.