Sentyabr ayının 25-də saat 05:25 radələrində DSX-nin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxan və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalan qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahildən təxminən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilmiş, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilən şəxslərin Bakı şəhər sakinləri – 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.