Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib.
Arazmedia.az-ın məlumatına görə həmin proqrama uyğun olaraq 20.08.2021 tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil proqramına uyğun tələbə qəbulu üzrə müsahibələr keçirilib. Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində – nəzəri biliklərə, həftənin digər qismində isə otellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər. 1 illik tədris müddətinin sonunda tələbələr nəzəri biliklər, ölkənin qabaqcıl otellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı diplom əldə edəcəklər. Proqram Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə həyata keçiriləcəkdir. Tədbir pandemiya qaydalarına uyğun keçirilib.