DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Cəmiyyəti rəzil günə salmağa imkan vermərik – O müraciətə sözardı

7 dəqiqəyə oxunur

Ceyhun Musaoğlu 

146 yaşlı mətbuatın yaranışından cəmi iki gecə keçdi, məhz oxucunu bu mübarək günün varlığına az qala peşman edəcək dərəcəyə yüksələn hadisə yaşadıq. 

İki gün öncə bir-birimizin əlini sıxıb, doğmalar kimi çiyinlərimizdən tutmuşduq. Əzəmətli dövlətimizin səxavətindən mənzil gözləyənlər əzəmətli dövlətimizin səxavətindən artıq neçə ildir bəhrələnənlərdən xəfifcə “3-cü binadakı mənzilləri nə vaxt verəcəklər” deyə soruşmuşdu. Həmkarlarından xoş xəbər gözləyənlərə iki gün sonra cavab verildi – o mənzillər sizlik deyil. Niyə? Cavab: “Çünki biz ölkə başçısından xahiş etdik ki, həmin mənzilləri şəhid ailələrinə və qazilərə versinlər”. Siz, yəni kim – 1-ci və 2-ci binada mənzili olanlar? Cavab gəlmədi. Bu dəfə susmaq qızıl olmadı. 
İki gün öncə bir-birini bağrına basanlar, iki gün sonra bir-birini tapdayıb keçməyə hazır vəziyyətə gəlmişdilər. 44 günlük Vətən müharibəsində qalib gələn ölkənin jurnalistlərinin Vətənin tən ortasında düşdükləri bu rəzil durum məntiqin sınması idi. 

Artıq mininci dəfədir ki, cəmiyyətdə təbəqələr üz-üzə qoyulur. Bu dəfəsə bir müraciətlə 3 təbəqəyə güllə atıb cəmiyyəti 5 yerdən yaraladılar. 

1. Bu müraciət dövləti aşağılamaq kimi xarakterizə olundu;
2. Jurnalistlər üz-üzə qoyuldu;
3. Şəhid ailələri, qazilərlə jurnalistlər arasında psixoloji nifrət toxumu səpildi – əlbəttə cücərməyəcək; 
4. Prezidentin şəhid ailələri üçün etdiklərini kölgə altına salmağa cəhd oldu (Əlbəttə bu məkri kimsə həyata keçirə bilməz); 
5. Çox primitiv, kasad, nəticəsində bir qram da xeyir olmayan “siyasət”ə imza atıldı.

1 milyon qaçqın və köçkününü 10 il ərzində mənzillərlə tam təmin edən, 18 ildən sonra onlara ata-baba yurdlarını alıb qaytaran dövlətə, onun başçısına 256 mənzil “jesti” etməyə girişənlər “arxalıya arxa durma deyəcəklər yamaqdır…” atalar sözünü unutmuşdular yəqin. Çox miskin göründü. Hələ üstəlik dəmir məntiqi ilə bu miskinliyin bizə yaraşmadığını izah edən mötəbər jurnalistlərə qarşı nimdaş “trol” hücumları təşkil edənlərin onlara dedizdirdiyi “bəs şəhidlər sizə görə canlarından keçir” ifadəsindəki düşüklük mahiyyəti cəmiyyəti səfil duruma sürükləmək istəyənlərin niyyətlərini açıq göstərdi. 

Yox, belə olmaz, heç vaxt olmaz. Bu hakimiyyət də, bu dövlət də çox əla idarə olunur. Bu hakimiyyətin, bu dövlətin başının müharibəyə, dünyanın murdar siyasəti ilə çarpışmaya qarışdığından sui istifadə edib, cəmiyyəti idarə olunmaz duruma salmayın. Bu cəmiyyət təkcə sənin deyil, həm də mənimdir, balamındır, nəvəmindir, nəticəmindir. Mən SİZƏ imkan verə bilmərəm ki, cəmiyyəti savadsız, cahil, zövqsüz, qürursuz, əxlaqsız bir duruma salasınız. Bu cəmiyyətdə mənim qızım böyüyür, gələcəkdə hansısa tərbiyəsizin onun qarşısına çıxaraq hiylə işlətməsinə indidən imkan verməyəcəyik. 

Prezidentimiz Vətən uğurunda haqq savaşına 17 il hazırlaşdı. Riyazi anlamı, mübarək fəhmi, xalqa dolğun sevgisi ilə çuğlaşaraq Zəngilanı mənə, Ağdamı sənə, Qubadlını ona bağılşladı. Səni, məni, onu işğaldan azad edən yurdlarımız birləşdirdi. Biz müharibədəki mühitin nəticəsndə qalib olduq. Hamı bir nəfər idi. Balasını, evini, eşiyini, yeməyini qurban vermək üçün azərbaycanlılar növbəyə dayanmışdılar. Dünyanı gücü ilə heyrətə salan Türk Ordusu, Türkiyə vətəndaşı bizim birliymiz, sevgimiz, ruhumuz qarşısında heyran qalmışdı. Dünyanın bütün ölkələri Azərbaycan adlı əzəmətli dövlətin varlığını təsdiqlədi. 

İkinci Qarabağ savaşında 3 minə yaxın övladını qurban verən, minlərlə övladını bir gözü ağlayaraq, bir gözü gülərək şikəst qəbul edən, on minlərlə övladının şəhid olması üçün onların başına qurbanlıq xınası yaxan azərbaycanlıların müqəddəs ölkəsini 256 mənzil qovğasının qurbanına çevirməyin. 

Lap əvvələr heç bir jurnalist mənzil istəmirdi. Belə söhbətlər olmuşdu. Dəyərli həmkarım Elşad Eyvazlının rəhbərlik etdiyi parlament jurnalistləri – (deyəsən ondan təşkilat hələ yaranmamışdı, səhv də edə bilərəm) bizə torpaq sahəsi ayrılması məsələsini qaldırmışdılar. Onda mən də parlament müxbiri idim. Demişdik ki, bizə ödənizşsiz əsaslarla 3 sot torpaq sahəsi ayrılsın və uzun müddətli çox aşağı fazilə indiki pulla 50-70 min manata yaxın kredit verilsin. Kim evini necə istəyir, təbii ki, baş plana uyğun, elə də tiksin. Əgər krediti qaytarmağa ömrüm çatmasa, balası qaytaracaq.  
Jurnalist minnət götürməz, mövqe qoymaz, tərəf tutmaz, təbliğat və əks təbliğat aparmaz, qışqırmaz, özü yox, yazısı görünər. Biz bu ali prinsipləri əsas tutaraq yola çıxmışdıq. Sonradan belə qərara gəlindi ki, Prezident şəxsən jurnalistlərə mənzil hədiyyə etsin.
Hədiyyəniz mübarək, Cənab Pezident. 

2-ci bina veriləndə “Prezidentin yazın hədiyyəsi 256 mənzilə sığmaz” başlıqlı köşə yazmışdım. Prezident üzünü jurnalistlərə tutub belə demişdi: “Siz mənim köməkçilərimsiniz”. Bəli, bu hədiyyə dünya boydadır. İndi Prezidentin jurnalist köməkçiləri qarşılıqlı mənzil davasına qalxıblar. 

Qarabağ uğurunda müqəddəs müharibədə jurnalistlərimiz qəhrəmancasına iştirak etdilər. Onların da arasında kimlərsə şəhid ola bilərdi. Elə vicdanlı sağların hər biri bu məmləkətin potensial şəhidi deyilmi?! Jurnalistikanın da şəhidləri az deyil. İndi necə anlayaq: kimi-kimlə üz-üzə qoyuruq? Belə bir fikir yayılır – digər binada yaşayanlar mənzillərindən imtina etsinlər. Qorxulu fikirdir. Digər binada yaşayanalar arasında müharibəyə gedənlər olsaydı, şəhidlik xoşbəxtliyinə çatsaydılar, onlardamı mənzilindən imtina etməliydi? Bu nə qarmaqarışıq, düyünlü, ucu görünməyən kələfdir? Bu nə kələkdir? 


3-cü binadakı mənzillərin verilməsi qaydalara görə iki ildir gecikir. Hansımız, səsimizi başımıza atmışıq? Heç birimiz. Arada qısa müddəli müzakirə açmışıq, bitib. Medianın İnkişafı Agentliyi yarananda da sevinmişik. Şəxsən MEDİA rəhbərlik etdiyim sayta heç bir dəstək verməyib. Əksinə, çox ağır durumla üzləşmişik. Bir media orqanı – səliqəsi, səhmanı, peşəkarlığı, kübarlığı, vizuallığı, sevgisi ilə diqqət çəkən “Rupor” xəbər portalı bağlanmaq təhlükəsi yaşayır. Bəli, maliyyələşmədən kənarda qalmağımıza mənim tələskənliyim ucbatından yol verdiyim texniki xəta əsas gətirildi. Ancaq insanı roborta uduzdurmazlar. Giley eləmirəm, öz dərdimə də yanmram. Mən cəmiyyətçi adamam. Qoy cəmiyyətimə xələl gəlməsin. 
Cənab Prezident, Siz o 256 mənzili kimə istəsəz bağışlaya bilərsiz. Siz ölkənin rəhbərisiz və qərarlarınızda heç vaxt yanılmırsız. Sadəcə ağrılı, utancverici hadisə odur ki, iki binada mənzili olanlar növbəti binadakı mənzillərin həmkarlarına verilməməsini arzulayırlar. Arzuya bax, dar ağacından yoğunmu?

Əziz dostlar, biz Vətən müharibəsində xoşbəxt idik. Ölürdük, ancaq Vətən sevgisinin yoğurduğu mühitin içində bəxtəvər idik. Müharibə bitdi, səngərdən çıxanlara icra hakimiyyətlərində vəzifə verdilər ki, silahdaşlarının qulluğunda dayansınlar. Yenə ayıb şeylər oldu. Onlardan bir neçəsi anındaca məmurlaşdı, bir qabdan perlova supu içdikləri, bir-birinin yaralarını sarıdılqarı o qanlı, qadalı günləri unutdular – MÜHİTƏ DÜŞDÜLƏR. 
Dünayaya bir dəfə gələn, zülmlə 70 il yaşayan azərbaycanlıya “müharibəyə şükür” dedirtməyin, alicənab dostlar. Cəmiyyəti rəzillik mühitinə sürüklməyin. Bunu Sizə bağışlamarıq. Jurnalisti ilə kübar, ali davranan cəmiyyət azadlığın və rahatlığın qapılarını baxışları ilə açıb cənnətini bu dünayada yaşaya bilər. 

Ölkəsini Qarabağla birgə cənnətə çevirmık istəyən ali insanların əziyyətini yerə vurmayın, nümunəvi həmrəylik göstərməyi bacaran JURNALİSTLƏRİ mühitə salıb bir-birinə qarşı düşmənə çevirməyin. Biz mələk misali yaşamağı Qarabağ uğurunda qələbəmizlə haqq etmiş insanıq, şeytanmisali yaşamaq hökmünə qara möhür vurmayın.