Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na qoşulub.
Arazmedia.az xəbər verir ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Dövlət Komitəsi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil ediləcək. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda 1395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı daimi işlə təmin edilib.