Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançası satışa çıxarılıb.
Bu barədə Unikal.org-a satışa çıxarılan stadionun yerləşdiyi Babalı kəndinin sakinləri məlumat veriblər.
Bildirilib ki, 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılmış idman meydançası hazırda satılır.
Qeyd olunub ki, əvvəllər ərazisi daha geniş olan stadionun bir hissəsi müəyyən zamanlarda satılıb və hazırda təhsil müəssisəsinin həyətində yerləşən stadionin ərazisi 0,22 ha-dır.
Amma buna baxmayaraq, məktəbin həyəti naməlum vəzifəli şəxslər tərəfindən satışa çıxarılıb. Məlumatda bildirilir ki, artıq həmin ərazinin məktəbin balansından çıxarılması üçün saxta yolla qeyri-qanuni sənədləşdirmə işləri həyata keçirilib. Beləliklə, saxta sənəd əsasında məktəbin stadionunun kənd bələdiyyəsinin istifadəsinə verilməsi planlaşdırılır.