İyunun 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Qafarovanı salamlayan Baş nazir Macarıstana rəsmi səfər gəldiyi üçün ona və Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib.
O, deyib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.
İki ölkənin qanunverici orqanları arasında münasibətlərin də inkişaf etdiyini bildirən V.Orban dostluq qruplarının fəaliyyətini təqdir edib. Baş nazir bildirib ki, Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan V.Orban qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında bizim üçün əvəzedilməz rol oynayır.
Səmimi qəbul üçün təşəkkürünü ifadə edən Azərbaycan Milli Məclisinin Sədri S.Qafarova Prezident İlham Əliyevin salamlarını Baş nazirə çatdırıb. Spiker Milli Məclisin Sədri kimi Macarıstana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. İki xalqın ortaq tarixi köklərə malik olduğunu bildirən Spiker qeyd edib ki, çoxsaylı dəyərlərimiz arasında oxşarlıqlar mövcuddur. Bu mənada ailə dəyərlərimizi xüsusi qeyd edə bilərik. Sədr bildirib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Dövlət müstəqilliyimizin bərpasından sonra iki ölkə arasında siyasi əlaqələr yeni səviyyəyə yüksəlib. Şübhəsiz ki, münasibətlərimizin bu səviyyəyə çatmasında Prezident İlham Əliyevlə sizin aranızdakı şəxsi münasibətlər də böyük rol oynayıb.
S.Qafarova deyib ki, ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış hüquqi sənədlər mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəriciləri diqqətə çatdıran spiker S.Qafarova vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün real potensial daha böyükdür. Sədr qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Bu yaxınlarda həyata keçirilmiş Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri bu baxımdan böyük əhəmiyyət daşıyır. Ölkələrimiz arasında yüksək səviyyəli humanitar əlaqələrin mövcudluğundan danışan Spiker Heydər Əliyev Fondunun dəstəyi ilə Macarıstanda həyata keçirilmiş layihələrdən danışıb. Bu sahədəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Macarıstanın Ali mükafatı ilə təltif olunmasını xüsusi qeyd edib.
Milli Məclisin Sədri Baş nazir V.Orbanın diqqətinə çatdırıb ki, 2020-ci ildə tarixin sınağından qalib çıxan Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq torpaqlarını Ermənistanın işğalından azad edib. Spiker 44 günlük Vətən müharibəsi dövründə ədalətli mövqe nümayiş etdirdiyinə görə Macarıstan xalqına və dövlətinə özünün və Milli Məclisin adından minnətdarlığını bildirib. Spiker bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda bərpa və quruculuq işləri başlayıb. Lakin Ermənistan bu işə mane olur, minalanmış ərazilərin tam xəritəsini vermir, təxribatlar törədərək sərhədlərin delimitasiyasına və demarkasiyasına əngəl törədir, işğaldan azad olunmuş ərazilərimizə terroristlərin keçməsinə şərait yaradır. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsinə görə hərbi və mülki şəxslər, jurnalistlər həlak olur və ya zərər çəkir.
S.Qafarova ərazilərin minalardan təmizlənməsi işində ANAMA-nın fəaliyyətinə Macarıstan tərəfindən verilən dəstəyə görə minnətdarlıq edib və bunu Macarıstanın dost münasibəti kimi dəyərləndirib.
Baş nazir V.Orban onun da salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib. Sonra görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.