Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.
Arazmedia.Az xəbər verir ki, III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib.
Sevilya şəhərində “Estadio La Cartuja” stadionunda keçirilmiş qarşılaşma ispanların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniyanın heyətində Alvaro Morata 12-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30-cu dəqiqədə slovakiyalı qapıçı Martin Dubravka avtoqol müəllifi olub. 45+3-cü dəqiqədə Emerik Laport, 56-cı dəqiqədə Pablo Sarabiya, 67-ci dəqiqədə isəFerran Torres rəqibi məyus edib. 71-ci dəqiqədə isə Yuraj Kuçka topu öz qapısına vurub.
Xallarının sayını 5-ə çatdıran İspaniya qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Luis Enrikenin baş məşqçi olduğu kollektiv növbəti raundda Xorvatiya ilə üz-üzə gələcək.
Qrupun digər görüşündə İsveç Polşa ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun 2:2 hesabı ilə bitib. İsveçin heyətində Emil Forsberq 2 və 59-cu dəqiqədə fərqlənib. Robert Levandovski 61-ci dəqiqədə fərqi azaldıb, 84-cü dəqiqədə isə bərabərlik qolunu vurub. İsveç 7 xalla qrup lideri kimi mərhələ adlayıb və komandanın rəqibi daha sonra bəlli olacaq.
Slovakiya E qrupunu 3 xalla üçüncü, Polşa isə 1 xalla 4-cü pillədə bitirib. Hər iki komanda qrupda qalıb.
Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda ən yaxşı üçüncü yerin sahibi kimi növbəti mərhələyə vəsiqəni təmin edib.