Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri vətəndaşlığa qəbul edilib.
Arazmedia.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.
O, Azərbaycanın yeni vətəndaşlarını təbrik edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamların icrası olaraq, bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
Xatırlataq ki, bundan əvvəl – bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən daha 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.
Həmçinin ötən ilin sonunda Tovuz döyüşlərində şəhid olan və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası – Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası – Əliyeva Miroslava Petru qızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevna da vətəndaşlıq alıblar.