Bu gün dünyada, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklər barədə məlumatlılığı artırmaq, onların güc və cəsarətlərini təqdir etmək üçün bir fürsət yaradan Ümumdünya Qaçqınlar Günü qeyd olunur. Bu gün, dünyanın ən böyük məcburi köçkün əhalisindən birinə sahib olan Azərbaycan üçün xüsusi məna kəsb edən bir gündür.
Arazmedia.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 20 iyun – Ümumdünya Qaçqınlar Günü barədə məlumatında yer alıb.
“Ermənistan tərəfindən həyata keçirilən təcavüz siyasəti bir milyona qədər azərbaycanlını öz yurd-yuvalarını tərk etmək və hər şeyi geridə qoymaq məcburiyyətində qoymuşdu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Lakin Ermənistan tərəfindən on illər ərzində davam edən hərbi işğal dövründə bu ərazilərin geniş miqyaslı dağıntılara və minalarla çirklənməyə məruz qalması məcburi köçkünlərin evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması üçün hələ də maneədir.
Azərbaycan hökuməti, köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlamaq, habelə işğal zamanı dağıdılmış şəhərlərin bərpa edilməsi məqsədilə sərmayələrin ayrılması üçün bütün lazimi tədbirləri həyata keçirir.
Ermənistanın işğal zamanı minaladığı bütün ərazilərin tam xəritələrini təqdim etməkdən imtina etməsi məcburi köçkünlərin təhlükəsiz və operativ şəkildə geri qayıtmasını ləngidir. Bu yaxınlarda Kəlbəcərdə iki jurnalistin faciəvi ölümü, təxminən otuz ildir ki, evlərinə geri dönə bilməyən və emosional ailələrin üzləşdiyi təhlükəni bir daha açıq şəkildə göstərir.
Məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünə nail olmaq üçün qonşu və tərəfdaş ölkələrin səmərəli beynəlxalq əməkdaşlığına görə təşəkkür edirik. Yenidən tikilən hər bir yol, məktəb, iş yeri, mədəniyyət və dini abidə bölgə və yerli icmalar üçün davamlı, dinc və firavan bir gələcəyə doğru atılmış bir addımdır.
Bu gündə dünyanın diqqətini qaçqın və məcburi köçkünlərə yönəldir və bu məsələdə qlobal həmrəyliyə, qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünə dəstək olmağa çağırırıq”, – deyə nazirlikdən bildirilib.