DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cinayət

Prezidentin 3 medal verdiyi Qazini Cəlilabadda döyüblər, lakin polis o şəxsləri həbs etmir…- SƏBƏB (YENİLƏNİB)

4 dəqiqəyə oxunur

Arazmedia.az-a daxil olan növbəti şikayət ərizəsi, bizə tam olaraq deməyə əsas verir ki, doğrudan da adıkeçən polis şöbəsi fərqli “siyasət” yürüdür.


Belə ki, 44 günlük Vətən müharibəsi iştirakçıları, Qazilər ən çox bu rayonda döyülür, söyülür, təhqir olunur…
Təəccüb doğuran hal isə budur ki, Cəlilabad polisi nəinki bu alçaqcasına xuliqanlıq əməlləri törədənləri saxlamır, həbs etmir.ş əksinə fürsət tapan kimi döyülən Qazilərimizi özləri də döyməkdən belə çəkinmir.


Bir neçə həftə öncə iki Qazi qardaşların elə məhz Cəlilabad polisində vəhşicəsinə döyülmələri mətbuatda geniş yayılmışdı.
Redaksiyamıza müraciət edən, Cəlilabad rayonu, Kirovka ərazisindəı yaşayan Vətən müharibəsi iştirakçısı və Qazi Mustafa Mustafayev bildirir ki, ona 8 iyun, 2021-ci il tarixdə, Cəlilabadda fəaliyyətdə olan “Greend Store”-nin qarşısında tanışını gözlədiyi zaman, söz ataraq, sataşmışlar. Mustafanın əlində “əsa” olduğundan ürəklənən alçaq “qoçaqlar” daha da çirkin plana əl ataraq, onu tənha, kimsəsiz yerə “dəvət” ediblər ki, yaxşıca döysünlər.


Ermənilərdən qorxmayan, onlarla qəhrəmancasına döyüşən və elə həmin şiddətli döyüşlərin birində yaralanaraq, ayaq topuğunu itirən Qazi Mustafa həmin şəxslərdən qorxmayacaqdı ki…


Beləliklə Mustafa, həmin şəxslərin arxasınca kimsəsiz yerə gedib. Bu çirkin işdə xuliqanlara, 23-25 yaşlarında olan, 3-4 nəfər də “yardım” edib. İlk həmlədə daşla Qazimizin gözündən vurub, qaçıb gediblər. Qazi aldığı zərbadən huşunu itirərək, yerə yıxılıb.


Mustafa gözünü açanda, özünü xəstəxanada görüb. O, olanları atası Natiq Mustafayevə danışıb. 44 günlük şanlı savaşda oğlunun ayağından aldığı güllə yarasının ağrılarını hələ də yaşayan Natiq kişi, oğlunu götürərək birbaşa Cəlilabad rayon Polis Şöbəsinə yollanır.

Yollanır ki, oğlunu döyənlərdən şikayət etsin. Etsin ki, polis avara xuliqanları, quldurları tapsın və cəzalandırsın.

Amma mənasız imiş…


Belə ki, polis şöbəsində Mustafa ərizə və izahat verir. Mustafanın israrlı təkidi ilə, hadisə ilk başladığı “Greend Store”-yə gedirlər. Mustafa özü alış-veriş mərkəzinin müdiriyyətindən şəxsən xahiş edir ki, hadisə başlayan vaxt onun və ona sataşanların video yazısını ona versinlər. Qazilərə böyük hörməti olan müdir, işçilərinə tapşırır, həmin video görüntüləri Mustafaya verilir. Mustafa isə öz növbəsində həmin görüntüləri polisə təqdim edir ki, həmin adamları tez yaxalasınlar və cinayət məsuliyyətinə cəlb etsinlər.


Aldığı ağır zərbədən özünü yaxşı hiss etməyən Mustafanı atası yenidən xəstəxanaya gətirir ki, həkimlər oğluna yardım etsinlər.
Nəhayət, həmin gündən az qala, 15 gün vaxt keçməsinə baxmayaraq, Mustafanın işi həvalə olunan Səbuhi adlı polis müstəntiqi deyir ki, biz o adamları tapa bilmədik və işi bağlayırıq.
Mustafa iddia ki, videoda həmin adamların üzləri çox aydın görünür. Deməli yuxarıda qeyd etdiyimiz kimi, Cəlilabad polisi ya həqiqətən də işləmir, ya da cinayətkarlara havadarlıq edir…


Mustafa Mustafayev” “Görəsən, mənim ermənilərə güllə atmağım, onlarla vuruşmağım Cəlilabadda kimlərə pis təsir edib, kimlərə xoş gəlməyib?!. Bilmirəm, bəlkə də məni öldürmək, soymaq, üzərimdəkiləri almaq üçün ora aparıblar, sadəcə planlarını tam həyata keçirə bilməyiblər. Polis də öz işini görmək istəmir, mən də ölkə rəhbərliyinə teleqramlar vuraraq, dərdimi deyəcəm və inanıram ki, cənab prezident İlham Əliyev, məni başa düşəcək, Müzəffər Ali Baş Komandan olaraq, öz əsgərini qoruyacaq!”.

Maraqlı məqam odur ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid və Qazi ailələrinə bu qədər həssas yanaşdığı, onların bütün problemlərini həll etdiyi bir vaxtda, Cəlilabad polisi döyülən Qazimizə niyə belə biganəlik, hörmətsizlik edir? Məgər bu hörmətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini dərk etmirlər?

Qeyd edək ki, döyülən qazi Mustafa Mustafayev, prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, Ağdamın işğaldan azad edilməsi”, “Suqovuşanın işğaldan azad edilməsi” medalları ilə təltif edilmişdir.


Layiqli həllini tapana kimi məsələni gündəmdə saxlayacağıq.
Jurnalistika etikasına, jurnalistika kodeksinə görə, qarşı tərəfin arqumenti olarsa dərc etməyə hazırıq.
Arazmedia.az