“Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar yaydıqları bəyanat da təqdirəlayiqdir. Təəsüflər olsun ki, hər zaman oldğu kimi bu dəfə də özlərini radikal müxalifət adlandıran partiyalar özlərini Azərbaycanın milli maraqlarına və onun gələcək inkişafını təmin edən tarixi bir sənədi imzalama prosesindən kənarda saxladılar. Bu bir daha onların hansı xislətə sahib olduğunu sübut edir”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası yenə də ölkəmiz üçün böyük imkanlar açan, təhlükəsizliyinin qorunmasına töhfələr verəcək “Şuşa Bəyannaməsi”nin əhəmiyyətini dərk etmir, öz amplualarında fəaliyyət göstərirlər.
“Bu sənəd yalnız Azərbaycanın deyil, eləcə də bütün Qafqaz regionunun iqtisadi-siyasi inkişafına yönəlmiş belə bir sənədin imzalanmasına da müxalifətçilik edirlər. Öz ambisiyaları ilə mənsub olduqları partiyaları uçuruma yuvarlayan AXCP və Müsavat rəhbərləri Azərbaycanın təkcə döyüş meydanında deyil, diplomatiya meydanında da davamlı uğur əldə edib, döyüşlərdə əldə etdiyimiz qələbənin möhkəmlənməsinə, həmçinin dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına xidmət edən bir sənədə imza atmırlar. Yaxud da bunun mahiyyətini dərk etmirlər. Xalqımız artıq kimin kim olduğunu yaxşı dərk edir, tarixə çevrilmiş bu partiyaların liderlərinin ambisiyalarının alətinə çevrilməyəcəklər”, – deputat qeyd edib.