Milli Məclisin növbədənkənar sessiyasının son iclasında əlilliyin təyin edilməsi ilə bağlı geniş müzakirə aparılıb və əlilliyin təyin edilməsinə dair yeni qaydalar ikinci oxunuşda təsdiq edilsə də, 13 deputat qanun layihəsinə səs verməyib.
Əlilliklə bağlı qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılmazdan öncə geniş tərkibdə müzakirə olunacaq ki, dinləmənin keçirilməsi iyunun 18-nə planlaşdırılır. Dinləmədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də iştirakı gözlənilir.
Qeyd edək ki, əlilliyin təyinatı ilə bağlı problemlər hələ də öz həllini tapmayıb. Eyni zamanda bugünlərdə belə bir fakt aşkarlanıb ki, 2 mindən çox xəstəlik siyahıdan çıxarılıb və ona görə insanlar əlillik dərəcəsi ala bilmir.
Millət vəkilləri növbəti müzakirələr zamanı əlilliyin təyinatı, bu sahədə mövcud problemlərlə bağlı hansı məsələləri qaldıracaqlar? Əlilliklə bağlı məsələ yenidən müzakirə olunacaq və nazir Sahil Babayevin də iştirakı gözlənilir.
Bu müzakirələr zamanı nazirə hansı suallar ünvanlanacaq?
Millət vəkili Razi Nurullayev Cebhe.info-ya bildirdi ki, bu günə qədər 17 min insanın əlillik və pensiyası dayandırılıb ki, bu da 50-60 min ailə üzvü deməkdir:
“Bu insanlar da 5-10 il pensiya alıb və həyatını ona görə qurub, bununla yaşayıb. İndi birdən-birə bu insanları küçəyə atmaq, gəlirindən məhrum etmək, hətta saxta əlillik olsa belə, ədalətli yanaşma deyil. Çünki o insan hansısa məmurun rüşvət alması müqabilində o əlilliyi əldə edib. Əgər bir insanın əlilliyi və aldığı pensiya, müavinət ləğv edilirsə, ona alternativ iş və qazanc yeri təklif edilməlidir. Biz nəyisə yaratmadan, təklif etmədən olanı dağıdırıqsa, olandan məhrum ediriksə, bu, artıq o insanı öldürmək anlamına gəlir.
Nazirə da təbii ki, bu suallar veriləcək. Çünki istənilən halda pensiyası dayandırılan insanlara alternativ iş yeri təklif edilməlidir, bu, niyə təklif edilmir? Sosial müavinətlərin, sosial yardımların verilməsi, məşğulluq məsələləri ilə bağlı bir xeyli problemlər mövcuddur ki, bunlarla bağlı da suallar qaldırılacaq. Məni narahat edən digər bir məsələ isə faiz dərəcəsinin hesablanmasıdır. Başa düşürəm ki, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, digər beynəlxalq qurumlar var və bütün dünyada mövcud olan əlilliyin faizlə hesablanması mərhələsinə keçilməsi onların tələbidir.
Ancaq Azərbaycan insanının kapitalı, sosial yanaşması, mentaliteti, eyni zamanda məmurların insanlara, qanunlara olan münasibətlərində bu şəffaflığı əldə etmək mümkün olmayacaq. İnsanların taleyi bir faizlə həll olunacaq ki, alsın, yaxud almasın. Yəni 30 faizdirsə, almayacaq, 31 faizdirsə alacaq. Mən düşünmürəm ki, Azərbaycan İsveç, İsveçrə, Estoniya, Danimarka, Norveç kimi şəffaf cəmiyyətə malikdir. Yəni məmurlar o qədər şəffafdır ki, o bir faizlə insanların taleyinə qərar versinlər? Ona görə də Azərbaycanın 10 milyon insanının taleyinin bir faizə buraxılmasına razı deyiləm və bu suallar da qaldırılacaq”.
Bir sıra xəstəliklərin siyahıdan çıxarılmasına gəldikdə isə millət vəkili bunla bağlı tam məlumatlı olmadığını deyir:
“Bu məsələni Azərbaycanda, qonşu ölkələrdə və dünyada qəbul edilmiş xəstəliklərin indeksində axtarmaq lazımdır ki, görək başqa ölkələrdə siyahıdan çıxarılan xəstəliklərə münasibət hansı formada uzlaşdırılır. Onu öyrəndikdən sonra mən buna fikir bildirə bilərəm. Hesab edirəm ki, bizdə kifayət qədər ekspertlər var, onlar dünyada olan təcrübəni analiz etsinlər və Azərbaycanla müqayisəli təhlil aparsınlar və sonra biz də siyasi və dövləti baxımından münasibətimizi ortaya qoyaq”.
Millət vəkili Vahid Əhmədov növbəti müzakirələr zamanı nazir Sahil Babayevə sualların çox olacağını bildirdi:
“Burada əlilliklə bağlı, eləcə də digər məsələlər var. Nazir, yaxud kimlər iştirak edəcəksə, sualları cavablandıracaqlar. Ondan sonra biz öz mövqeyimizi bildirəcəyik. Çünki o məsələlər, qəbul edilən qanun çox böyük sosial əhəmiyyət kəsb edir. Əlillərdən də kifayət qədər şikayət alırıq. İstəyirik ki, mükəmməl bir qanun qəbul edilsin. Orda nə olacaq, necə qəbul olunacaq, onu qabaqcadan demək şətindir. Ancaq təkliflərimiz də, müəyyən iradlarımız da var, onları səsləndirəcəyik”.
Millət vəkili Sabir Rüstəmxanlı öz fikirlərini ötən yığıncaqda səsləndirdiyini deyib:
“Mən bildirmişəm ki, o şəkildə qanuna səs verməyəcəyəm. İndi nazir gələr, müzakirə edərik, ondan sonra fikrimizi bildirərik. Hər halda əgər minlərlə əlil siyahısından çıxarılırsa, guya onlar saxta yolla əlilik alıblarsa, yenə də buna həmin nazirlik cavabdehdir. Əhalinin indiki vəziyyətində, işsizliyin bu dəqiqə çox ciddi bir problem olduğu vaxtda müavinət alan əlilləri də siyahıdan kənarda qoymaqla guya büdcəyə qənaət edirlər. Bu doğru deyil və büdcəyə bu yolla qənaət olmaz. Mənim fikrim bu barədə qətidir və müzakirədə bir daha bu məsələyə qayıdacağıq”.
Arazmedia.az