İyunun 14-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara başlanılıb.
Arazmedia.Az-ın məlumatına görə, birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi barədə məlumat verib.
O bildirib ki, qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur.
“Qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır”, – deyə o bildirib.
Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək, həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında “Əl-Cəzirə” və “Haber Global”ın mütəxəssisləri də var.